Nazir Dünya Bankının direktoru ilə görüşüb

Nazir Dünya Bankının direktoru ilə görüşüb

Azərbaycana səfərə gələn Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun görüşü olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dünya Bankı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir bu ilin iyununda Bankın Vaşinqtondakı baş qərargahına səfərinin səmərəli və məhsuldar olduğunu bildirərək qeyd edib ki, birgə layihə çərçivəsində qısa müddətdə mükəmməl, əhatəli və kompleks məhkəmə-hüquq islahatları aparılıb. F.Məmmədov qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

H.Kerali Dünya Bankı ilə birgə həyata keçirilən layihənin nəticələrindən danışaraq bu sahədə Azərbaycanın müsbət təcrübəsini unikal nümunə kimi qiymətləndirib. O vurğulayıb ki, ölkəmizin məhkəmə sistemindəki nailiyyətlər böyük marağa səbəb olub və bundan bəhrələnmək üçün digər dövlətlərdən müraciətlər daxil olur, Azərbaycana səfər etmək niyyəti bildirilir. Qonaq, həmçinin Layihənin icrasında ədliyyə işçilərinin peşəkar fəaliyyətini təqdir edib.

Görüşdə Azərbaycan vətəndaşlarının məhkəmə orqanlarına müraciət imkanlarının xeyli asanlaşdırılmasına xidmət edəcək yeni layihənin məqsədləri, o cümlədən infrastrukturun müasirləşdirilməsi, İKT-lərin daha geniş tətbiqi, ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və s. məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə Dünya Bankının ölkə üzrə meneceri xanım Larisa Leşçenko iştirak edib. Görüşdən sonra Qqonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə