Bu gün Yevlağın Nərmanabad və Nemətabad kəndlərində seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı İlham Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin xalqımız, o cümlədən Yevlaxlılar üçün etdiyi əvəzsiz xidmətlərindən danışıb.
Sonra Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev seçicilər qarşısında geniş nitq söyləyib. Natiq ən ağrılı yerimiz olan Qarabağ məsələsinə toxunub, qaçqın və köçkünlərimizə göstərilən dövlət qayğısı, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb: "Ölkəmizin suverenliyi, xarici qüvvələrin təsirindən qorunması cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasəti diqqət mərkəzinə gətirib".
Azərbaycanın uğurlu gələcəyindən də danışan Səttar Mehbalıyev artıq ölkəmizin xarici dövlətlərə sərmayə yatıran ölkəyə çevrildiyini vurğulayıb: "Bütün bu uğurlara, rahat stabil həyat şəraitini təmin etdiyinə görə, mən sizi 9 oktyabrda seçkilərə gəlməyə və YAP-ın vahid namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram".
Sonra YAP Yevlax rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edib. O qeyd edib ki, dünyanın heç bir ölkəsində millətini, xalqını bu qədər sevən, ona arxa çıxan bir rəhbər ola bilməz, bu xoşbəxtlik yalnız bizə məxsusdur: "Biz Ulu öndərin yadigarı Liderimiz İlham Əliyevə arxalanırıq və yalnız ona güvənirik. Hər bir Azərbaycan vətəndaşı kimi Yevlaxlılar da hamılıqla seçkilərə gəlib öz namizədləri İlham Heydər oğlu Əliyevə səs verəcəklər".
Tədbirdə çıxış edən kənd sakinləri 85 yaşlı təqaüdçü Pənah Süleymanov, 54 yaşlı müəllimə Qətibə Cabbarova cənab Prezidentin ölkə və Yevlax şəhəri üçün gördüyü işləri çox yüksək qiymətləndiriblər.
Kənd sakinləri birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. Gəlin, Azərbaycanın daha 5 il xoşbəxt, firavan yaşamasına imza ataq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB