Yol qəza hadisələrinin sayının artması polisi hərəkətə keçirib FOTO
Şəmkirdə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə qarşı mübarizəni gücləndirib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, növbəti reydlər Şəmkir şəhəri və ətraf əraziləri əhatə edib. Yoxlamalar bir sıra maraqlı faktları üzə çıxarıb. Sükan arxasında sənədsiz əyləşən dırnaqarası sürücülər avtomobilə əlavə avadanlıq quraşdırmaqla işlərini bir qədər də çətinləşdirib. Bu və ya digər hallara görə avtomobil cərimə meydançasına aparıldıqda isə onlar polisə müqavimət göstərməyə çalışıblar. Reyd zamanı hətta ağır dərəcəli sərxoş halda sərnişin daşıyan sürücüyə də rast gəlinib. Polisin saxla işarəsinə məhəl qoymayan bu sürücü qəza şəraiti yaradıb. Sonradan polisin təkidli tələbi ilə sürücünün saxlanılması mümkün olub. Həkim müayinəsinə gətirilən həmin şəxs ayaq üstə zorla dayansa da, spirtli içki qəbul etdiyini inkar edib.
Qeyd edək ki, reydlər nəticəsində ümumilikdə 5 sərxoş, 10 sənədsiz sürücü aşkarlanaraq barələrində müvafiq tədbir görülüb. Sentyabr ayı ərzində isə müxtəlif qayda pozuntularına görə 275 sürücüyə inzibati protokol yazılıb. Həmin protokollardan 15-i sərxoşluqla bağlı olub.

İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB