"ASAN xidmət" mərkəzindən Gəncə sakinlərinə şad xəbər

"ASAN xidmət" mərkəzindən Gəncə sakinlərinə şad xəbər

"Bu ay ərzində respublikada sayca 5-ci "ASAN xidmət" mərkəzi Gəncə şəhərində açılacaq. Mərkəz Gəncə ətraf rayonların əhalisinə xidmət göstərəcək". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında bildirib.

Agentliyin sədrinin sözlərinə görə, yeni istifadəyə verilmiş 3 saylı Bakı "ASAN xidmət" mərkəzi Yasamal rayonu Şərifzadə küçəsi 39 ünvanında yerləşir: "3 saylı "ASAN xidmət" mərkəzi vətəndaşlara sentyabrın 25-dən xidmət göstərəcək. Fəaliyyətə hazır olan Bakı şəhər 3 saylı "ASAN" xidmət mərkəzi isə Yasamal, Səbail və Qaradağ rayonlarının sakinlərinin xidmətində olacaq. Bununla da Bakıda "ASAN xidmət"lə təmin olunan rayonların sayı 9-a çatıb. Bu günədək ümumilkdə Səyyar xidmət də daxil olmaqla 475 min nəfərə xidmət göstərilib".

İnam Kərimov qeyd edib ki, "ASAN xidmət" Mərkəzində vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Mərkəzdə vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Bunun üçün ən müasir avadanlıq quraşdırılıb. Xidmətin "asan.gov.az" internet saytı vasitəsi ilə vətəndaşlar üçün online növbəyə yazılma, elektron ərizələri doldurma, sənədləri müxtəlif orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb. "Elektron məlumat mərkəzi"nə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etmələrini asanlaşdırır. Bundan əlavə, mərkəzlərdə vətəndaşlar üçün 22 növ funksional yardımçı xidmət göstərilir.

Qeyd edək ki, Bakı şəhər 1 saylı "ASAN xidmət" mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara, Sumqayıt "ASAN xidmət" mərkəzi bu şəhərin sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə, Bakı şəhər 2 saylı "ASAN xidmət" mərkəzi Xətai, Nizami və Suraxanı rayonlarının sakinlərinə xidmət göstərir.

"ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə