"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə "Kəlbəcərlilər cənab İlham Əliyevi dəstəkləyir" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.
Daha sonra "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir haqqında iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, seçki marafonunu başlayan andan Xəzər rayonunun Qala qəsəbəsində məskunlaşan Kəlbəcərli məcburi köçkünlərlə görüş keçirilib: "Kəlbəcər rayon əhalisi daim bu dövlətə, bu dövlətin qurucularının - Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin namizədliyini dəstəkləyiblər. Kəlbəcərlilər bu seçkilərdə də İlham Əliyevə səs verəcəklər".
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov isə çıxışında bildirib ki, Azərbaycan hakimiyyətinin siyasəti birbaşa olaraq, vətəndaşların sosial rifah halının yüksəldilməsinə, yüksək səviyyəli həyat şəraitlə əhatələnməsinə yönəlib. Onların həmçinin mükəmməl təhsil almasına, sağlam, vətənpərvər yetişməsinə, hüquq və azadlıqlarının müdafiə edilməsinə istiqamətlənib: "Prezident İlham Əliyev gənc nəslin intellektual, kreativ, vətənpərvər və sağlam yetişməsi üçün insan kapitalının formalaşdırılması siyasətinə xüsusi diqqət ayırır. Çünki o, həyata keçirilən dövlət siyasətini humanizm və insani dəyərləri idarəçiliyin əsas meyarına çevirməyi, Azərbaycanın rifahını daha da yüksəltməyi hədəfə alıb".
Respublika Ağsaqqallar Şurasının üzvü, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu qeyd edib ki, artıq 20 ildir Azərbaycan xalqının rifahına, təhlükəsizliyinə və gələcək inkişafına müsbət töhfələrini verən Heydər Əliyev siyasəti müstəqil dövlətimizin xalqımızın tarixi nailiyyətinə çevrilməsinə zəmin yaratdı: "Çünki uzun illər, əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz, son 20 ildə Ulu öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müstəqil xarici siyasət yürüdən, regionun lider ölkəsi olan və dünya miqyasında əhəmiyyətli faktor rolunu alan dövlətin sahibinə çevrilib. Atılan addımlara, görülən işlərə diqqət yetirsək, bu reallığı aydın şəkildə görmək olar. Gerçəklikləri düzgün dəyərləndirmək lazımdır. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində əhalinin rifah halı günü-gündən yaxşılaşır və ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da güclənir. Azərbaycanın firavan və xoşbəxt gələcəyi naminə hər birinizi 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıram".
Qeyd edək ki, digər çıxışlarında seçicilər cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB