Lənkəranın daha 6 kəndinə təbii qaz verilib

Lənkəranın daha 6 kəndinə təbii qaz verilib

Lənkəran rayonunun 6 kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və şəhər İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Osakücə, Pambəyi, Tatoba, Sinovli, Bəlləbur və Mamusta kəndlərinə təbii qazın verilişinə başlanıb.

Sinovli və Osakücə kəndlərində keçirilən açılış mərasimlərində Lənkəran ŞİH başçısının Osakücə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Dövlətov, "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev, kənd sakinlərindən Bəhlul Hüseynov, Faiq Rzayev və başqaları yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əhalini təbrik edərək bildirib ki, təbii qazın şöləsi hər bir evə sevinc, xoşbəxtlik gətirsin.

Bəlləbur və Mamusta kəndlərində keçirilən tədbirləri giriş sözü ilə açan Şağlaküçə və Mamusta inzibati ərazi dairələrinin nümayəndələri Yədulla Yədullayev və Zərbəli Rəhmanov 21 illik fasilədən sonra ilk dəfə kəndlərə təbii qazın verilməsindən keçirdikləri sevinc hisslərini ifadə ediblər, bütün kənd sakinləri adından cənab Prezident İlham Əliyevə, ŞİH-nin başçısı Taleh Qaraşova və "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra kənd sakinləri çıxış edərək əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşüblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildiriblər.

"Azəriqaz" İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov mavi yanacağın evlərə bərəkər və sevinc gətirməsini arzulayıb.

Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək kənd sakinlərini salamlayıb, əlamətdar gün – yeni tədris ilinin başlanması və eyni zamanda kəndlərə mavi yanacağın verilməsi münasibətilə sakinləri təbrik etdi. İcra başçısı bildirdi ki, bu gün respublikamızda vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət proqramları həyata keçirilməkdədir. Bu, hər şeydən əvvəl, ölkə başçısının vətəndaşlara, xüsusilə ucqar kənd və qəsəbələrdə yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Əbəs deyil ki, son 1 ildə cənab Prezident İlham Əliyev təkcə Lənkəranda sosial-iqtisadi sahənin daha da inkişafı, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün 8 Sərəncam imzalayıb. Bu sərəncamların icrası nəticəsində rayonun yol infrastrukturunun böyük hissəsi əsaslı olaraq təmir edilib, bir hissəsi isə yenidən qurulub. Rayonun bir sıra qəsəbə və kəndlərində müasir standartlara cavab verən orta məktəb binaları və səhiyyə ocaqları tikilərək istifadəyə verilib. Lənkəran Mərkəzi Rayon Xəstəxanası beynəlxalq tələblərə cavab verən səviyyədə əsaslı təmir edilib.

Çıxışlardan sonra kəndlərə təbii qazın verilməsini bildirən məşəllər alovlandırılıb.

Məlumat üçün bildirək ki, 1050 abonenti olan Osakücə, Pambəyi, Tatoba və Sinovli kəndlərinin də qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 34176 metr uzunluğunda polietilen borularla daşıyıcı və 24771 metr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilib, 1050 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bəlləbur kəndində əhaliyə təbii qazın verilməsi üçün ərazidə ümumilikdə 7516 metr uzunluğunda polad boru çəkilib, 144 sayğac quraşdırılıb. Mamusta kəndində isə 42700 metr polad boru çəkilib, 1250 sayğac quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə