Sentyabrın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Mamusta kəndində əhali ilə səyyar qəbul-görüş keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Mamusta inzibati ərazi dairəsinin nümayəndəsi Zərbəli Rəhmanov kəndin sosial-iqtisadi vəziyyəti, nümayəndəlikdə yaşayan əhalinin sayı və məşğuliyyəti haqqında qısa məlumat verib. Son vaxtlar kənddə əhalinin həyat şəraitinin yaxşılaşdırılması və digər sahələrdə əldə olunan uğurlardan danışan nümayəndə mövcud olan bəzi problemləri də İcra başçısının diqqətinə çatdırıb.
Sonra bir neçə kənd sakini çıxış edərək təkliflərini bildirib. Kənd ağsaqqalı Əminağa Fərzullayev 7 km-lik Mamusta-Siyavar-Hirkan yolunun uzun müddətdir təmir olunmadan istifadə edildiyindən yoldan istifadə edənlər üçün böyük çətinliklər yarandığını, orta məktəb müəllimi Sahib Fərəcov kənddə torpaqların çay əkini üçün həddən artıq yararlı olmasına baxmayaraq buna lazımi diqqətin verilmədiyini İcra başçısının nəzərinə çatdırıb. Kəndin axundu Vüsal Cəfərov, təqaüdçü Mirzağa Qurbanov bu gün ölkədə, o cümlədən rayonumuzda aparılan geniş tikinti, quruculuq işlərinin kənddən də yan keçmədiyini və bunun əhalinin rifah halının daha da yaxşılaşmasında əyani göründüyünü söyləyiblər. Çıxış edənlər qarşıdan gələn prezident seçkilərinə də toxunaraq hamılıqla müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək səsləndirilən məsələlərlə bağlı fikrini bildirib. İcra başçısı qeyd edib ki, bir müddət əvvəl şəxsən adı çəkilən əraziyə baş çəkərək Mamusta-Siyavar-Hirkan yolunun vəziyyəti ilə yaxından tanış olub və bununla bağlı problem artıq öz həllini tapıb. Layihənin maliyyə təşkilatçısı olan Asiya İnkişaf Bankı ilə elan olunmuş tenderin qalibi yerli yol-tikinti şirkəti arasında müqavilə də bağlanıb. Yaxın zamanlarda yolun əsaslı təmirinə başlanılacaqdır.
Görüşü yekunlaşdıran İcra başçısı əhali tərəfindən irəli sürülən təkliflərin nəzərə alınacağını bildirib, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB