Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın 17-də "Böyük bazar" yaşayış məntəqəsinin əhalisi və mikrorayon sakinləri ilə görüşüb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşü giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazi barədə məlumat verib.
Sonra ayrı-ayrı sakinlər çıxış edərək arzu, təklif və rəylərini söyləyiblər.
Xudaş Miriyev, Rafiq Məmmədov, Malik Qədimov, Füzuli Hüseynov, Ənivəs Məhərrəmova, Səadət Əliyeva və başqaları Lənkəran şəhərində aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri – şəhərin su-kanalizasiya xəttinin yenilənməsi, təbii qazla təchizatı, yolların asfaltlaşdırılması, istirahət parklarında, bağ və xiyabanlarda əlverişli şəraitin yaradılması, Heydər Əliyev Xatirə parkının və Mərkəzi Rayon Xəstəxanasının, Heydər Əliyev prospektinin, Şəhidlər Xiyabanı küçəsinin yenidən qurulması, Gənclər Mərkəzinin tikilməsi münasibətilə, eləcə də bugünkü əmin-amanlıq və sabitlik üçün möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda birmənalı olaraq vurğulanıb ki, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində hamı bir nəfər kimi ölkə başçısının namizədliyini dəstəkləyəcək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısına səs verəcəklər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət edib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov görüş iştirakçılarını diqqətlə dinləyib, bugünkü görüşün açıq dialoq və diskussiya şəraitində keçdiyini vurğulayıb. Lənkəranın hərtərəfli inkişafının bu gün göz qabağında olduğunu söyləyən İcra başçısı bu əlverişli şəraitin möhtərəm Prezident tərəfindən yaradıldığını diqqətə çatdırıb və görüş iştirakçıları, bütün lənkəranlılar adından dövlət başçımıza minnətdarlığını bildirib.
Taleh Qaraşov Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində tikinti, quruculuq və abadlıq işlərinin bundan sonra da ardıcıllıqla davam etdiriləcəyini əminliklə söyləyib, hamını Lənkəranı respublikanın ən yaraşıqlı və abad şəhərinə çevirmək üçün birlikdə səy göstərməyə və ölkə başçısının ətrafında sıx birləşməyə çağırıb.
İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin icrası üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB