Əlillər avtomobillərlə təmin olundu

Əlillər avtomobillərlə təmin olundu

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 40 ədəd avtomobil Qarabağ müharibəsi, İkinci Dünya müharibəsi və Çernobl əlillərinə təqdim olunub. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları ilk öncə Nazirliyin inzibati binasının foyesində Ümummilli lideri Heydər Əliyevin büstü qarşısına gül-çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov yeni minik avtomobili alan əlilləri bu münasibətlə təbrik edib. Son 10 ilin Azərbaycanda bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də sürətli tərəqqi mərhələsinə çevrildiyini konkret göstəricilər əsasında diqqətə çatdıran nazir respublikanın dinamik sosial-iqtisadi inkişafı şəraitində əlilliyi olan insanların dövlət hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində işlərin də ilbəil gücləndiyini deyib: "Son 10 ildə respublikanın müxtəlif bölgələrində 4 mindən çox, ümumilikdə 1997-ci ildən bu vaxta qədər 5 mindən çox mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olan vətəndaşlara və şəhid ailələrinə verilib. 2003-2013-cü illərdə müharibə əlillərinə 2800-dən çox, 1998-ci ildən bu vaxta qədər isə 3800-dən artıq minik avtomobili təqdim olunub".

Fizuli Ələkbərov onu da qeyd edib ki, 1998-2008-ci illərdə müharibə əlillərinə verilən "OKA" markalı minik avtomobillərini ölkənin dinamik inkişafının daha bir göstəricisi olaraq, 2009-2010-cu illərdə "SLAVUTA" markalı, 2011-ci ildən etibarən isə rahatlığı və zahiri görünüşü ilə onlardan daha üstün olan "NAZ Lifan" markalı avtomobillər əvəz etməyə başlayıb.

Tədbirdə minik avtomobili ilə təmin olunan əlillər ürək sözlərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, nazirlik tərəfindən yaxın bir neçə gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 180 ədəd "NAZ Lifan" markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə