Dünən Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin rayon üzrə Seçki Qərargahının üzvləri seçicilərlə ilk görüşlərini keçiriblər. Qaradağlılarla görüşdə Milli Məclisin üzvləri Ağalar Vəliyev və Sevinc Fətəliyeva da iştirak edib.
Rayonun Lökbatan qəsəbəsində keçirilən görüşdə YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək, bütövlükdə Azərbaycan cəmiyyətinin cənab Prezident İlham Əliyevi XXI əsrin Lideri kimi qəbul etdiyini vurğulayıb. A.Hüseynov bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili-xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya miqyasında aparıcı mövqeyə yüksəldiyini bildirib: "Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik məfkurəsi onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi siyasi qüdrətini artırdıqca, onun siyasi mövqeləri daha da möhkəmlənir. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə reallığa çevrilə bilməz. Bütün bunlar isə həyata keçirilən düzgün siyasi strategiyaya əsaslanır ki, bunun fonunda Azərbaycan dünyada öz mövqelərini durmadan möhkəmləndirir. Məhz cənab Prezidetn İlham Əliyevin qətiyyəti və həyata keçirdiyi uğurlu praqmatik siyasəti nəticəsində işğalçı Ermənistan bu gün ölkəmiz qarşısında həm iqtisadi, həm də siyasi cəhətdən müqayisə edilməyəcək səviyyədə geridədir. Təkcə Azərbaycanın hərbi xərcləri işğalçı Ermənistanın ümumi dövlət büdcəsindən bir neçə dəfə artıqdır ki, bu da güc balansının kimin tərəfində olmasını açıq şəkildə ifadə edir. Məhz bu siyasətin nəticəsində hər bir vətəndaşımız əmindir ki, ərazi bütövlüyümüz tezliklə bərpa olunacaq, 1 milyondan artıq məcburi qaçqın və köçkünə çevrilmiş vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaq".
Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Qaradağda da Cənab İlham Əliyevə tükənməz sevginin olduğunu söyləyən təşkilat sədri xalqımızın öz gələcəyi naminə Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq qaldığını da dilə gətirib. A.Hüseynov qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi kursunun ən layiqli davamçısı, öz praqmatik siyasəti ilə xalqın tükənməz sevgisini qazanmış Cənab İlham Əliyevin bütövlükdə Azərbaycan cəmiyyətinin dəstəyi ilə əhatə olunacağına əminliyini ifadə edib. Qaradağlıların öz Liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacaqlarına tam əmin olduğunu söyləyən A.Hüseynov seçkilərin rayonda yüksək fəallıq və demokratik dəyərlər müstəvisində həyata keçiriləcəyinə də tam inamını ifadə edib: " Qaradağlılar hər zaman dövlətə və dövlətçiliyə sadiq olub və oktyabrın 9-da da biz bu sadiqliyi açıq şəkildə müşahidə edəcəyik. İlham Əliyev xalqımızın dəstəyi ilə yenidən qələbə qazanacaq".
Qaradağlıları salamlamaqdan böyük qürur hissi keçirdiyini bildirən Milli Məclisin üzvü Sevinc Fətəliyev da çıxışında Azərbaycanın son 10 ildə qazandığı uğurları, ölkəmizin BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir təşkilata üzv olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xətt üzrə dünyada aparıcı mövqeyə yüksəlib. S.Fətəliyeva Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin günü-gündən gücləndiyini vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdığını Qaradağlıların diqqətinə çatdırıb. Millət vəkili sözsüz ki, qarşıdan gələn seçkilərdə xalqımızın öz rifahı və gələcəyi naminə seçkilərdə aktiv iştirak edərək Cənab İlham Əliyevə birmənalı şəkildə dəstək olacağına əminliyini ifadə edib.
Millət vəkili Ağalar Vəliyev də çıxışında ölkəmizdə məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini vurğulayıb. Qaradağ rayonunu təmsil edən bir millət vəkili olaraq bu gün həm rayon seçiciləri ilə görüşlərdə, həm də ölkə ictimaiyyətinin məhz cənab İlham Əliyevə alternativ görmədiklərini bildirən A.Vəliyev qarşıdan gələn növbəti 5 illikdə məhz YAP-ın namizədinin sayəsində böyük uğurların ardıcıllığının təminatına inandıqlarını söyləyib.
Millət vəkili bu gün ölkəmizdə insanların sosial rifah halının durmadan yüksəldiyini, bölgələrimizdə geniş quruculuq abadlıq işlərinin uğurla davam etdiyini də Qaradağlıların diqqətinə çatdırıb. A.Vəliyev bildirib ki, qarşıdan gələn seçkilərdə xalqımız İlham Əliyevə dəstək olaraq, onun növbəti 5 il müddətində də Azərbaycanı daha böyük zirvələrə yüksəltməsinə təminat yaratmış olacaq.
Qaradağlılar adından çıxış edən Qaradağ rayonu Lökbatan qəsəbə sakini Zahid İbrahimov bu gün Azərbaycanın günü-gündən inkişaf etdiyini, bunu hər bir ölkə vətəndaşı kimi hiss etdiklərini bildirib. Z.İbrahimov həyat səviyyələrinin bu cür yaxşılaşmasının Cənab Prezident İlham Əliyevin hər bir vətəndaşa diqqət və qayğısından irəli gəldiyini də bildirib. O, bir seçici olaraq qarşıdan gələn seçkilərdə birmənalı şəkildə cənab İlham Əliyevə dəstək olacaqlarını söyləyib.
Qaradağ rayonu ağsaqqalları adından danışan Təhməz Abbasov da çıxışında qarşıdan gələn seçkilərdə hər bir vətəndaşımızı aktiv olmağa, cənab Prezident İlham Əliyevə dəstək olmağa səsləyib. Bildirib ki, İlham Əliyevə alternativ yoxdur və xalqımız Onu böyük sevgi ilə dəstəkləyir.
Gənclərin nümayəndəsi Ramin Quliyev də çıxışında bu gün ölkə gəncliyinə olan diqqət və qayğıdan onların sosial qayğılarının həlli və ümumilikdə gənclər siyasətinin ayrı-ayrı sahələrinə toxunub. Vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində layiq olduğu zirvəyə yüksəlib. Məhz bu zərurətdən də qarşıdan gələn növbəti prezident seçkilərində Azərbaycan gəncliyinin seçiminin Cənab İlham Əliyev olacağının heç bir şübhə doğurmadığını söyləyən R.Quliyev ölkəmizi daha işıqlı və möhtəşəm uğurlarla müşahidə edən dönəmlər gözlədiyini də Qaradağlıların diqqətinə çatdırıb.
Qaradağ rayon sakini Hacı İsa İsmayıl da qarşıdan gələn seçkilərdə onların bir vətəndaş olaraq seçimlərinin cənab İlham Əliyev olduğunu ifadə edib. Bildirib ki, onlar Azərbaycanı bugünkü yüksək inkişaf səviyyəsinə ucaldan Ulu Öndər Heydər Əliyev siyasətinin davamına və onun ən böyük təminatçısı Cənab İlham Əliyevə dəstək olmaqda qərarlıdırlar.
Cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının üzvü Zaməddin Həmişəyev də qarşıdan gələn prezident seçkilərinin Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi ilə yekunlaşacağına əmin olduğunu və bütövlükdə Azərbaycan cəmiyyətinin seçiminin Cənab İlham Əliyev olduğunu vurğulayıb.
Tədbirdə yekun çıxışı edən YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyası və Xalq birliyinin qalib gələcəyinə, bütövlükdə Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevə dəstək olacağına bir daha əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB