Respublikada olduğu kimi Qaradağ rayonunun da bütün təhsil ocaqları öz qapılarını doğma şagirdlərin üzünə açıb. SİA-nın məlumatına görə, başlayan bu yeni tədris ilində rayonda daha bir neçə təhsil ocağı əsaslı təmirdən sonra yenidən məktəblilərin istifadəsinə verilib.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Qaradağ rayonunda təhsil sahələrində mövcud problemlər aradan qaldırılmaqdadır. Təhsil ocaqlarının əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi təhsilə verilən ən yüksək qiymətdir.
Dövlət Proqramının icrasına əsasən 2011-ci ildə Qaradağ rayonunda 139 və 195 nömrəli orta məktəblər əsaslı təmir olunub, 294 və 139 nömrəli orta məktəblər üçün 26 əlavə sinif otağı tikilib istifadəyə verilib. 2012-ci ildə 184, 228, 302 və 127 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir işləri yekunlaşıb. Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli məktəb üçün 20 sinif otağından ibarət əlavə tədris korpusu tikilib. Qobustan qəsəbəsində 800 şagird yerlik 330 nömrəli orta məktəb tikilərək Azərbaycan Dövlət Neft şirkətinin sərəncamına verilib.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" 2013-cü ildə də uğurla icra olunmaqdadır. Belə ki, bu yeni tədris ilində Sahil qəsəbəsindəki 253 və 273, Lökbatan qəsəbəsindəki 233 nömrəli orta məktəblərinin və Ələt qəsəbəsindəki 14 nömrəli Bakı Peşə məktəbinin əsaslı təmiri başa çatıb. Hər bir məktəb ən müasir avadanlıqlarla təmin edilib, yeni müasir üslubda qurulub.
Bundan əlavə Dövlət Proqramı çərçivəsində Lökbatan qəsəbəsində 7 saylı peşə məktəbinin sökülərək yenidən tikintisi, Müşfiqabad qəsəbəsində 274 saylı orta məktəb üçün 20 əlavə sinif otağının və digər təhsil ocaqlarının tikintisi davam etməkdədir.
Qeyd edək ki, aparılan məqsədyönlü işlər təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Belə ki, ildən ilə Qaradağ rayonunda ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı bal toplayanların sayı artmaqdadır. Həmçinin ötən tədris ilinin yekunlarına görə, rayonun Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "2012-2013-cü tədris ilində ilin ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibi adına layiq görülməsi bizləri sevindirərək təhsilin inkişafı naminə daha da inamı artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB