Nərimanov rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Nərimanov rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək, 18 yaşı tamam olan gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev rayon ərazisində yaşayan gəncləri 9 oktyabrda səs vermək hüququndan istifadə etməyə çağırıb. T.Tağıyev bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Onun sözlərinə görə, müasir gənclik məhz bu siyasət nəticəsində inkişaf edir.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, seçki hüququ hər bir vətəndaşın əsas konstitutusion hüquqlarından biridir. Çünki dövlət hakimiyyətinin formalaşdırılması seçki yolu ilə baş tutur ki, burada da seçicilərin mövqeyi müstəsna rol oynayır: "Ona görə də, siz gənclər oktyabrın 9-da seçki məntəqələrinə gedərək istədiyiniz namizədə səs verməlisiniz. Sizin seçiminizin cənab İlham Əliyev olacağına heç bir şübhə etmirik. Çünki müasir Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Eyni zamanda, dövlət gənclər siyasəti də gənc nəslimiz üçün böyük perspektivlər açır. Bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində gənclərimizin inkişafı, bilik və bacarıqlarını ifadə etmək üçün bütün imkanlar yaradılıb. Sadəcə, bu siyasətin davamlı olması üçün siz düzgün seçim etməli və cənab İlham Əliyevə səs verməlisiniz".

Daha sonra görüşdə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digərləri çıxış edərək dövlətimizin gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafı üçün böyük töhfələr verdiyini vurğulayıblar.

Bu il 18 yaşı tamam olduğu üçün səsvermə hüququ əldə edən gənclər isə seçki günü Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə