Daşkəsəndə iki məktəb və bir uşaq bağçası istifadəyə verilib

Daşkəsəndə iki məktəb və bir uşaq bağçası istifadəyə verilib

Daşkəsən rayonunda yeni tədris ili yüksək əhval ruhiyyə ilə başlayıb. Rayonda yeni məktəb binaları istifadəyə verilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, məktəblərin açılış mərasimində Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkili Rövşən Rzayev iştirak ediblər. Tədbir iştirakçıları ilk olaraq Quşçu kəndində yeni inşa edilən məktəb binasının açılış mərasiminə qatılıblar. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bilik günü münasibəti ilə bütün şagird və müəllim kollektivini təbrik edib. İcra başçısı bildirib ki, ucqar dağ rayonu olan Daşkəsəndə müasir standartlara cavab verən orta məktəb binasının tikintisi bir daha dövlətin xalqa olan diqqət və qayğısının bariz nünunəsidir: "Bu gün ölkəmiz özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ideyaları iqtisadi-siyasi zəfər çalır və dövlətimiz parlaq qələbələr qazanır. Bu gün qürurla demək olar ki, dahi şəxsiyyətin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. İndi ölkəmizin iqtisadi gücü tək paytaxt və böyük şəhərlərlə yekunlaşmır. İndi ucqar dağ rayonlarında belə bu iqtisadi inkişafı hiss etmək olar. Hər açılan yeni məktəb binası yeni bir həbsxananın bağlanması deməkdir. Hamımıza məlumdur ki, yeni məktəb binası olan yerdə şənlik, sevinc, qaynar həyat var. Ümummilli liderimiz həmişə deyib: "Təhsil millətin gələcəyidir". Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı Daşkəsən rayonunda istifadəyə verilən tədris ocağının timsalında bir daha özünü göstərməkdədir".

Tədbirdə çıxış edən digər natiqlər də Daşkəsən rayonunda aparılan abadlıq quruculuq işlərindən, uzun illər yararsız, baxımsız vəziyyətdə olan orta tədris müəssisələrinin günün tələblərinə cavab verən binalarla əvəzlənməsini böyük uğur kimi qiymətləndiriblər.

Tədbirdə çıxış edən YAP icra katibinin müavini Mübariz Qurbanlı dövlətin tədris sahəsinə verdiyi önəmi qabardaraq Daşkəsəndə də şagirdlərin bundan sonra daha geniş işıqlı sinif otaqlarında tədris ala bilmələrinin vacibliyinə diqqət çəkib: "Bu gün doğurdan da ölkəmizin gücünün nələrə qadir olduğunun şahidiyik. Daşkəsəndə uzun illər məktəb problemi olub. Bundan və digər səbəblərdən qaynaqlanaraq şagirdlərin elmə marağı da azalıb. İndi isə burada paytaxt və iri şəhərlərdə tikilən məktəblərdən heç də geri qalmayan bir tədris müəssisəsi inşa edilməkdədir. Bu onu göstərir ki, artıq hər bir Azərbaycan vətəndaşı ölkəsinin iqtisadi inkişafından bəhrələnir. Artıq Daşkəsəndə yeni, müasir tələblərə cavab verən məktəblərin sayı durmadan artır. Bir vəzifə qalır, o da müəllimlərin şagirdlərə keyfiyyətli tədris verməsidir".

Millət vəkili Rövşən Rzayev də Daşkəsəndə yeni məktəbin istifadəyə verilməsi münasibəti ilə müəllim və şagirdləri, təhsil işçilərini təbrik edib. Millət vəkili qeyd edib ki, zamanın tələbi öz sözünü deyir və artıq Azərbaycan bütün sahələrdə özünün inkişaf mərhələsini yaşayır: "Fəxr etmək olar ki, Azərbaycanın bütün rayonları bu inkişafdan öz nəsibini alır. Daşkəsəndə məktəb binasının tikintisi və digər sahələrdə gedən geniş quruculuq işləri çiçəklənən ölkəmizin hər bir vətəndaşının ürəyincədir. İqlimi ağır, dağ şəraitində olan Daşkəsəndə belə tədris ocağının sıfırdan tikintisi ölkə prezidenti İlham Əliyevin təşəbbüsüdür".

Sonda rəsmilər orta məktəbə baxış keçirib, sinifləri gəzib şagirdlərlə bir arada olublar. Ardından Daşkəsəndə yeni inşa edilən uşaq bağçasının açılış mərasimi keçirilib. İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkilləri və digər rəsmilər bağçanın açılışını edib, əlamətdar hadisə münasibəti ilə burada çalışan kollektivi və müəllimləri təbrik ediblər. İcra başçısı bilik günündə ucqar ərazidə yerləşən Əmirvar kənd orta məktəbinin açılışını da edib. Uzun illər yararsız və qəzalı vəziyyətdə olan Əmirvar kənd orta məktəbi bu gün ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Burada 360 şagird elmin sirlərinə yiyələnəcək. Əhəd Abıyev məktəb binasını gəzib yaradılan şəraitlə tanış olub. İcra rəsmisi məktəb açılışından sonra əraziyə toplaşan sadə vətəndaşlarla da görüşüb, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində bir sıra göstərişlərini verib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə