“Ermənistan özünü regional inkişafdan təcrid edir”

Elman Abdullayev: “Ermənistanı yerində oturtmaq üçün beynəlxalq ictimaiyyətdən rəsmi xəbərdarlıq olunmalıdır”
“Ermənistan özünü regional inkişafdan təcrid edir”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin SİA-ya müsahibəsi:

- Elman müəllim, Ermənistan parlamentinin spikeri Ovik Abramyan bildirib ki, əvvəl Ermənistanın problemləri həll olunmalıdır, daha sonra Dağlıq Qarabağ haqqında düşünmək olar. Ermənistandakı mövcud problemləri nəzərdən keçirsək, bu o deməkdirmi ki, Dağlıq Qarabağ problemi haqda Ermənistan heç düşünməyəcək?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayınca Ermənistandakı problemlər öz həllini tapmayacaq və əksinə mövcud problemlər daha da dərinləşəcək. Ermənistandakı iqtisadi səfalətin, demoqrafik böhranın yaranmasının səbəblərindən biri də Ermənitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi ilə bağlıdır. Ermənistan Azərbaycana qarşı öz işğalçı siyasətindən əl çəkməyincə və Azərbaycanda işğalçı siyasətini dayandırmayınca təbii ki, Ermənistan özünü regional inkişafdan təcrid etməyə davam etmiş olur və birmənalı şəkildə Ermənistanda vəziyyət getdikcə ağırlaşmağa doğru gedir. Bu gün isə Ermənistanın mövcud inkişafdan nə qədər geri qalması bir fakdır.

- ATƏT-in Dağlıq Qarabağ probleminə yetərli qədər müdaxilə etməməsini və yaxından maraqlanmamasını nə ilə izah etmək olar?

- Biz dəfələrlə vurğulamışıq ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr, verdikləri bəyanatlar onu göstərir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və Azərbaycanın mövqeyinin haqlı olması heç kəsdə şübhə doğurmur. Bu gün ən böyük problem və münaqişənin həll olunmamasının əsasında beynəlxalq təşkilatların ikili mövqeyi durur. Ermənistana və rəsmi İrəvana münaqişənin həlli ilə əlaqədar təzyiq edilməməsi nəticəsində, bu gün Ermənistanın təcavüzkar siyasəti davam edir. Bu gün Minsk Qrupunun həmsədr ölkələri birmənalı şəkildə, Ermənistanın beynəlxalq hüquqa və ümumiyyətlə beynəlxalq təşkilatların norma və prinsiplərinə hörmət etmədiyinə, qərar və bəyanatlarını qəbul etmədiyinə görə, həmsədr ölkələr Ermənistana qarşı ciddi bir addım atmalıdırlar. Ermənistana rəsmi xəbərdarlıq olmayınca, onlar münaqişəyə bu cür yanaşmadan əl çəkmir və demək olar ki, bütün bölgənin sabitliyinin təhlükəsizliyi təhdid altında qalır. Ermənistanı yerində oturtmaq üçün beynəlxalq təşkilatlardan rəsmi xəbərdarlıq olunmalıdır. Bu xəbərdarlıqların olmaması təbii ki, münaqişənin birmənalı olaraq sülh yolu ilə həll olunmasına da öz mənfi təsirini göstərir. Münaqişənin həllinə dair Ermənistan tərəfi ilə dəfələrlə müəyyən razılaşmalar olsa da, sonradan verdiyi qərarlardan geri çəkilir və buna beynəlxalq ictimaiyyət tərəfindən hər hansısa bir reaksiya göstərilmir. Hərhalda Azərbaycan beynəlxalq ictimaiyyətdən daha qətiyyətli mövqe nümayiş etdirməsini, daha konkret addımlar atmasını və ATƏT-in Minsk Qrupununun daha nəticəyönlü bir çıxış etməsini gözləyir.

- Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gözlənildiyi bildirilirdi, bu gün də həmin mövzu gündəmdədirmi?

- Ümumiyyətlə, sülh prosesi çərçivəsində danışıqlar aparılır və əsasən xarici işlər nazirlərinin səviyyəsində danışıqlar davam etdirilir. Amma prezidentlərin görüşünün keçirilməsi üçün kifayət qədər güclü bir zəmin yaradılmalıdır. Biz dəfələrlə vurğulamışıq ki, Azərbaycan danışıqlara danışıqlar xatirinə getmir, Azərbaycan danışıqlara hər hansısa konkret nəticələr əldə etmək üçün gedir. Bu gün də prezidentlərin görüşməsi üçün güclü bir zəmin olmalıdır.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə