İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib FOTO

İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib. SİA-nın məlumatına görə, "Məktəbdə şahmat" proqramının Azərbaycanda fəal şəkildə tətbiq olunmasının əhəmiyyətinə toxunan Kirsan İlümjinov 2009-cu ildə Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq olunmasının önəmini qeyd edib.

O, Azərbaycanda şahmatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Rusiya Federasiyasının Xantı-Mansiysk vilayətində ilk dəfə keçirilən sürətli şahmat üzrə dünya çempionatında Şəhriyar Məmmədyarovun qalib gəlməsini ölkəmizdə şahmatın inkişafının yaxşı göstəricisi kimi dəyərləndirib.

Dövlət başçısı "Məktəbdə şahmat" proqramının Azərbaycanda ardıcıl olaraq davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkəmizdə şahmatın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bütün şəhərlərində şahmat məktəblərinin bərpa edildiyini deyib.

Ölkəmizdə "Baku Open-2013" Beynəlxalq Şahmat Festivalına hazırlıq işlərinin görüldüyünü deyən dövlət başçısı Azərbaycanın təşəbbüslərinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə