Qaradağ rayonunda “Bilik günü” böyük təntənə ilə qeyd olunub FOTO

Qaradağ rayonunda “Bilik günü” böyük təntənə ilə qeyd olunub FOTO

"Bilik günü" münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında tədbirlər keçirilib. SİA-ya verilən məlumata görə, tədbirlərdən biri Lökbatan qəsəbəsində yerləşən əsaslı təmirdən sonra istifadəyə verilmiş Cəmil Niftəliyev adına 233 nömrəli orta məktəbdə keçirilib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məktəbin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirib: "Məhz bu gün də təhsil sahəsi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biridir. Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir. Ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqları tikilir, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir".

İcra başçısı bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıb.

Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, rayon İcra Hakimiyyətinə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə "İlk zəng"in səslənməsi ilə yeni dərs ili başlanıb.

Yaradılmış şəraitlə tanış olan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sinif otaqlarına baxış keçirib, pedaqoji kollektiv və şagirdlər ilə görüşərək yeni dərs ili münasibəti ilə onları təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə