“Bilik günü”ndə Lənkəranda yeni məktəb və uşaq bağçasının açılışı olub
Bu gün respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunda da "Bilik günü" təntənəli surətdə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yeni tədris ilində rayonun Vilvan kəndində ötən ilin dekabr ayından tikintisinə başlanmış ən müasir standartlara cavab verən 3 mərtəbəli məktəb binasının açılışı olub. Açılışa şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, icra başçısının müavinləri, şəhər təhsil şöbəsinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və valideynlər qatılıblar.
Məktəbin direktoru Əliniyaz Ağayev çıxış edərək respublikamızda, o cümlədən rayonumuzda təhsilə göstərilən yüksək qayğıdan danışaraq bildirib ki, 640 nəfərlik məktəbdə 28 dərs otağı, laboratoriyalar, kompyüter otaqları, geniş idman zalı, kitabxana, yeməkxana və digər lazımi infrastruktur yaradılıb. Məktəb direktoru təhsilə göstərilən bu diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə, İcra başçısı Taleh Qaraşova minnətdarlıq edib.
Məktəbin müəllimi Səxail Əzimov, valideyn Təhmiraz Rəhimov, şagird Gülər Rəhimova çıxış edərək təhsilə göstərilən qayğıya örə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən İcra başçısı Taleh Qaraşov məktəbin pedaqoji kolektivini, şagirdləri "Bilik günü" münasibətilə təbrik edərək qeyd edib ki, hazırda respublikamızın bütün sahələrində olduğu kimi, təhsildə də böyük inkişaf davam edir. Yeni-yeni təhsil ocaqları istifadə verilir, təhsil müəssisələri müasir tədris vasitələri ilə təchiz olunur. "Bilik günü"ndə istifadəyə verilən Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbi də təhsilə göstərilən qayğının bariz nümunəsidir.
Məktəbin açılışını bildirən qırmzı lent kəsildikdən sonra T.Qaraşov və digər qonaqlar məktəblə yaxından tanış olublar.
"Bilik günü"ndə Lənkəran şəhər 5 nömrəli uşaq bağçası üçün tikilən yeni binanın açılış mərasimi də keçirilib. Tədbiri giriş sözləri ilə bağçanın direktoru Aybəniz Hüseynova açıb. Bildirib ki, ötən ildən inşasına başlanan bağçada körpə fidanların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. 110 yerlik bağçada uşaqların tərbiyəsilə 15 nəfər pedaqoji işçi məşğul olacaq. Bağçanın direktoru onlar üçün yaradılan gözəl şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən İcra başçısı Taleh Qaraşov bağçanın kollektivini, uşaqları və onların valideynlərini müasir tipli yeni bağçanın istifadəyə verilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, ölkəmizdə gənc nəslin normal inkişafı naminə hər cür şərait yaradılıb.
Tədbir zamanı bağça uşaqları ifa etdikləri zərif rəqslərlə hamının rəğbətini qazanıblar.
Sentyabrın 16-da Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli məktəb-liseyində də "Bilik günü" xüsusi təntənə ilə qeyd edilib. Tədbirə qatılan şəhər icra hakimiyyətini başçısı Taleh Qaraşov, icra başçısının müavinləri, rayonun hüquq-mühafizə oqanlarının rəhbərləri burada nümayiş etdirilən xalq sənəti nümunələri, şagirdlərin əl işləri ilə yaxından tanış olublar.
Əlavə edək ki, Lənkəran rayonunda 89 məktəb, 51 bağça, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Şəhər Təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırovun sözlərinə görə, məktəblərdə 28 mindən yuxarı şagird təhsil alır. Onlardan 2700 nəfəri 1-ci sinif şagirdidir. Rayonda yeni məktəblərin tikintisi də davam edir. Cari ildə daha 11 məktəb binasının inşasına başlanması nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB