Mətbuat Şurası və ATXƏM “Qafqaz İslam Ordusu - 95” müsabiqəsinin qaliblərini mükafatlandırıb

Mətbuat Şurası və ATXƏM “Qafqaz İslam Ordusu - 95” müsabiqəsinin qaliblərini mükafatlandırıb

Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində" layihəsi çərçivəsində "Qafqaz İslam Ordusu - 95" mövzusunda KİV təmsilçiləri arasında yazı müsabiqəsinin yekunlarına həsr olunmuş konfrans keçirib. SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov 1918-ci ildə Bakıda bolşevik-daşnak birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara diqqət çəkərək, bu qətllərin qarşısının alınmasında Qafqaz İslam Ordusunun xidmətlərinin əvəzsiz olduğunu bildirib.

Ə. Amaşov qeyd edib ki, Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusunun bir neçə aylıq gərgin mübarizəsi sentyabrın 15-də tarixi qələbə ilə nəticələndi. Məhz bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti varlığını hiss etdi. Bakı əbədi olaraq Azərbaycanın paytaxtına çevrildi. "Mürəkkəb tarixi şəraitdə belə bir zəfərin qazanılması olduqca vacib idi. Bakının işğal altında qalması təkcə müstəqilliyi yenicə elan olunmuş respublikanın varlığını təhdid etmirdi. Əgər işğal davamlı xarakter alsaydı, Bakının sonrakı tarixi mərhələdə, elə sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan torpağı kimi qalıb-qalmayacağı şübhəli idi. Bu amil sonradan, yəni ölkəmizin ikinci dəfə müstəqilliyini elan etdikdən sonra nə kimi mənfi nəticələr doğura bilərdi - zənnimcə, belə cəhətlərə də diqqət yetirmək lazımdır. Çünki bolşevizmin liderləri, o cümlədən Lenin Bakı ilə bağlı xüsusi planlara malik idilər. Bakını Azərbaycandan ayırmaq məsələsi gündəmə gələ bilərdi və hamıya məlumdur ki, tarixdə mövcud istiqamətdə cəhdlər olub. Hesab edirəm ki, Qafqaz İslam Ordusunun misilsiz missiyası Azərbaycan xalqını bütövləşdirdi, ona dönməzliyi, öz amalları, malik olduğu dəyərlər uğrunda savaşmağı aşıladı".

ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilat Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak birləşmələrindən azad etdiyi günü – 15 sentyabrı hər il xüsusi qeyd edir: "Mərkəzimiz Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı rəsmi qurumlara məktubla müraciət edib. Biz ötən hər ildə 15 sentyabr tarixinin daha geniş ictimai dəstək qazandığını görürük. Lakin tarixi yaşantımızın daha böyük ictimai sferada tanıdılmasında mətbuatın xüsusi yeri var. Təşkilatımız məhz bunu nəzərə aldı və Qafqaz İslam Ordusunun 95-ci yubiley ilinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirilməsini təklif etdi. Şura məsələyə pozitiv yanaşaraq, tədbirə dəstək verdi. Azərbaycan Mətbuat Şurası və ATXƏM 15 avqust 2013-cü ildən etibarən "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində" layihəsi çərçivəsində "Qafqaz İslam Ordusu-95" mövzusunda KİV-lər arasında yazı müsabiqəsi elan etdi. Müsabiqənin məqsədi Bakının 1918-ci ilin sentyabrında bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdəsi Nuru Paşanın rolunun media vasitəsilə geniş ictimaiyyətə çatdırılması olub. Ümumən müsabiqə KİV-lərin Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki roluna dair materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmağı, milli mənəvi dəyərlərimiz, türk əsilli və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyan mövzunu hər zaman diqqətdə saxlamağı, mövcud istiqamətdə yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmağı nəzərdə tutub".

Tədbirdə çıxış edən xalq şairi Nəriman Həsənzadə qeyd edib ki, Azərbaycan xalqı 1918-ci ildə erməni-bolşevik qatillərindən qurtulduğuna görə Nuru Paşaya mənəvi olaraq borcludur. "Biz bir xalq olaraq bu mənəvi borcu onun adının layiqli bir şəkildə əbədiləşdirilməsi ilə qaytara bilərik. İnanıram ki, bir gün Bakıda Nuru Paşanın əzəmətli heykəli önündə onun xatirəsini yad edəcəyik".

Konfransa Türkiyədən qatılan İstanbul Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu, Qafqaz İslam Ordusunun əsgəri Hüseyn əfəndinin oğlu İhsan Özköseli, Türkiyəli yazar və aydın Abbas Göyce də mövzu ətrafında geniş çıxış edərək, bildiriblər ki, Azərbaycan-Türkiyə arasındakı tarixi əlaqələr yalnız dostluq, qonşuluq münasibətlərinə deyil, ortaq tarixə, mədəniyyətə və eyni soykökə bağlılığa əsaslanır.

"Azər-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı Qənirə Paşayeva, tarix elmləri doktoru, professor Anar İsgəndərli, BDU jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev də çıxışlarında Qafqaz İslam Ordusunun tarixi xidmətlərindən danışaraq, Azərbaycan xalqının taleyində xilaskarlıq missiyasını yerinə yetirmiş Nuru Paşanın adının əbədləşdirilməsini vacib sayıblar. T.Rüstəmxanlı bu məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlanmasının zəruriliyini vurğulayıb. Qafqaz İslam Ordusunun xidmətlərinin tarixi aspektlərindən ətraflı bəhs edən tarixçi alim A.İsgəndərli diqqəti ordunun eyni zamanda mənəvi missiya yerinə yetirməsinə də yönəldib: "Ordu rəsmi ordu deyildi. Avropada aparılan aramsız müharibələrdən yorğun düşmüş əsgərlərə bildiriblər ki, Xəzər sahillərində müsəlman bacı və qardaşların yardıma ehtiyacı var. Bu yardımın göstərilməsinin vacibliyi onlara əmr formasında yox, könüllülük prinsipinə əsasən deyilib. Qürurverici məqamdır ki, həmin əsgərlərin hamısı Bakıya gəlməyə razılıqlarını ifadə ediblər. Hesab edirəm ki, bunun vurğulanması son dərəcə vacibdir".

Milli Məclisin deputatı Qənirə Paşayeva istər 15 sentyabr tarixinin, istərsə də ona aparan yolun bir ibrət səhnəsinə şahidlik etdiyini dilə gətirib. Bu səhnə ortaq türk mənafelərini rəhbər tutur. Qənirə Paşayeva belə önəmli hadisələrin bütövlükdə türk dünyasına çatdırılması üçün ortaq tarixi kitabların yazılmasının vacibliyini vurğulayıb.

Toplantıda həmçinin Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Bakıda abidə ucaldılması ilə yanaşı, ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi, paytaxt küçələrindən birinin böyük sərkərdənin adını daşıması barədə təkliflər də irəli sürülüb.

Tədbirdə xalq şairi Nəriman Həsənzadənin "Nuru Paşa" poemasından parçalar səsləndirilib. N.Həsənzadə bu poemaya görə ATXƏM-in xüsusi diplomu ilə təltif edilib. Azərbaycan-Türkiyə tarixi ənənələrinin yaşadılmasına və ölkələr arasındakı əməkdaşlığın dərinləşdirilməsinə yönələn xidmətlərinə görə İstanbul Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunluya, Qafqaz İslam Ordusunun əsgəri Hüseyn əfəndinin oğlu İhsan Özköseliyə, Türkiyəli yazar və ziyalı Abbas Göyceyə Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olunub.

Sonda Mətbuat Şurası və ATXƏM-in elan etdiyi yazı müsabiqədə fərqlənən jurnalistlərə mükafatlar təqdim edilib.

I yer

Xəqani Səfəroğlu, "Ayna-Zerkalo" qəzetinin əməkdaşı

II yer

Süleyman İsmayılbəyli, "Olaylar" qəzetinin əməkdaşı

Ayyət Abdullayev, "Şərq" qəzetinin əməkdaşı

Hülya Məmmədova, "Yeni Azərbaycan" qəzetinin əməkdaşı

III yer

Əfsanə Bayramqı, "Xalq qəzeti"nin əməkdaşı

Zahid Səfəroğlu, "Yeni Müsavat" qəzetinin əməkdaşı

Ramil Məmmədli, APA

Sevda İsmayılova, Azadlıq radiosunun əməkdaşı

Zakir Muradov, Gəncə Media Mərkəzinin əməkdaşı

Həvəsləndirici mükafatlar

1. Xanım Nəsibova – "Kür" qəzeti

2. Əziz Müstafa – "Zaman Azərbaycan" qəzeti

3. İradə Cəlil – "Ekspress" qəzeti

4. Asəf Quliyev – "qafqazinfo.az" saytı

5. Araz Aslanov – "Türküstan" qəzeti

6. Əhməd Məmmədov

7. Rəşad Süleymanov – APA

8. Rüstəm Məlikov – "Qələbə" qəzeti

9. İlkin Ağayev – "Palitra" qəzeti

10. Mirvari Rəhimzadə - "Gənclik" qəzeti

11. Mübariz Bayramov – "Mövqe" qəzeti

12. Cavid Şahverdiyev – "Xalq cəbhəsi" qəzeti

13. Fərqanə Vəkilova – "Biznes tayms" qəzeti

14. Hülya Məmmədli – "Yeni Azərbaycan" qəzeti

15.Yeganə Məmmədova – "Zaman Azərbaycan" qəzeti

16. Vaqif Cəliloğlu – "Bakı xəbər" qəzeti

17. Zahid Rzayev – "İki sahil" qəzeti

18. Akif Nəsirli – "Paralel" qəzeti

19. Xalid Vahidoğlu – "Üç nöqtə" qəzeti

20. Ruslan Xəlil – "Teleqraf.com" saytı

Bütün xəbərlər Facebook səhifəmizdə