Dövlət Miqrasiya Xidmətində gənclərlə görüş keçirildi

Dövlət Miqrasiya Xidmətində gənclərlə görüş keçirildi

Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Ölkə Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olub və ölkəmizdə bu şərait yaradılıb. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində də gənclərlə görüş zamanı bu məsələlər daha çox diqqət mərkəzində olub.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev könüllü əsaslarla Xidmətdə işləyən gənclərlə görüş zamanı ilk öncə DMX-nin yaranma tarixi, strukturu, fəaliyyət istiqamətləri barədə məlumat verib, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən, həmçinin, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qəbulu və miqrasiya sahəsində tətbiq edilən yeniliklər barədə də ətraflı məlumat verib.

Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək qayğıdan söhbət açan F.Nəbiyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin dövlətimizin qayğısı ilə yüksək səviyyədə əhatə olunduğunu bildirib: "Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına cevrilirlər".

Cənab Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının genişlənməsi üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmasını bir daha diqqətə çatdıran F.Nəbiyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində könüllü kimi iyul ayının 17-dən sentyabrın 17-nə kimi işləyib müqavilə öhdəliklərini başa vuran gənclərin bu müddətdə fəaliyyətlərini də qiymətləndirib: "Könüllü kimi fəaliyyət göstərən 27 nəfər gənc əməkdaşlar Xidmətdəki təcrübə zamanı yüksək intizamlılıq, xoşrəftarlılıq, ünsiyyətçilik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq, kompüter bacarığı və digər yüksək keyfiyyətlər nümayiş etdirmişlər".

Xidmət rəisi könüllü kimi 2 aya yaxın müddətdə Dövlət Miqrasiya Xidmətində fəaliyyət göstərən hər bir gəncə sonrakı iş fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Xidmət rəisi tərəfindən 2 ay müddətində işləyib müqavilə öhdəliklərini başa vuran gənclərin hər birinə xüsusi diplomlar verilib.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə