İtaliyanın Kirveti şəhəri ilə Lənkəranın qardaşlaşması barədə memorandum imzalanıb FOTOLAR
Sentyabrın 14-də İtaliya Respublikasının Kirveti şəhərinin meri Alessio Paskuçinin rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran şəhərinə gəlib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə Kirveti şəhərinin meri Alessio Paskuçini, şəhər meriyasında turizm şöbəsinin müdiri Lorenso Kroçi və bu şəhərdə fəaliyyət göstərən sahibkar Huqo Riççi daxildir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları salamlayaraq, Azərbaycan-İtaliya respublikaları arasında dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb və bu əlaqələrin getdikcə inkişaf etdiyini diqqətə çatdırıb. İtaliyalı qonaqlara Lənkəran rayonunun əhalisi, ərazisi, coğrafi mövqeyi, iqtisadiyyatı, sosial və mədəni həyatı, təhsil və mədəniyyət müəssisələri barədə ətraflı məlumat verilib.
Kirveti şəhərinin meri Alessio Paskuçini yüksək qonaqpərvərliyə görə icra hakimiyyətinin başçısı T.Qaraşova minnətdarlığını bildirib, 40 min nəfər əhalisi olan Kirveti şəhərinin qədim tarixindən məlumat verərək iki şəhər arasında oxşar cəhətlərin olduğunu söyləyib.
Əvvəlcə Alessio Paskuçini Lənkəran Şəhər İcra Hakimiyyətinə Kirveti şəhərinin qədimliyini əks etdirən mədəniyyət nümunəsini və kitabını hədiyyə edib.
Öz növbəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov italiyalı qonağa Lənkəran xalısı, Xan sarayının təsviri olan tablonu və Lənkəran haqqında kitabı hədiyyə edib.
Görüşün sonunda Lənkəran şəhəri ilə Kirveti şəhərinin qardaşlaşması barədə niyyət memorandumu imzalanıb.
Həmin gün nümayəndə heyəti Lənkəran rayonunda fəaliyyət göstərən "Gilan-Lənkəran" konserv zavodu, "OVA" MMC (Beta), "Nur-Süd" MMC-nin süd zavodu, Xanbulan qəsəbəsində yerləşən fərdi sahibkara məxsus sitrus bağları və Bayraq meydanı ilə tanış olub.
Sentyabrın 15-də italiyalı qonaqlar və Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" kəndli fermer təsərrüfatına baş çəkiblər. Görüş zamanı təsərrüfatın rəhbəri Araz Yağubov qonaqlara çayçılığın inkişafı ilə bağlı gördüyü işlər barədə geniş məlumat verib. Bildirib ki, qısa müddətdə 41 hektar sahədə əkin keçirib. Sahələrin becərilməsində əl əməyi ilə yanaşı xaricdən gətirilmiş texnikanın gücündən səmərəli istifadə olunur. Plantasiyaların salınmasında daha məhsuldar növlərdən istifadə olunub. Düzgün aqrotexniki qulluq öz bəhrsini verir. Əkindən cəmi bir il keçməsinə baxmayaraq bitkilərdə artıq çiçəklənmə halı müşahidə olunur. Bitkilərdə gedən güclü inkişaf imkan verir ki, artıq növbəti ildə kollarda seçmə üsulu ilə yığım aparılsın.
İcra başçısı Taleh Qaraşov Lənkəranda çayçılığın tarixindən və gələcək prespektivləri barədə məlumat verib. Son illər çayçılığın inkişafı ilə bağlı dövlət qayğısından, respublikada, o cümlədən Lənkəranda həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə böyük irəliləyişin əldə edildiyini diqqətə çatdırıb.
Fikir mübadiləsi çay süfrəsi arxasında davam edib.
Sonda qonaqlara fermer təsərrüfatının yaşıl çayından emal edilmiş yüksək keyfiyyətli "Gül çayı" hədiyyə edilib.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB