BQP Bakının işğaldan azad olunmasının 95-ci ildönümünü qeyd etdi
Bu gün Böyük Quruluş Partiyası (BQP) Bakının işğaldan azad olunmasının 95-ci ildönümü münasibətilə dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən BQP başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, 1918-ci il 31 mart soyqırımından sonra Azərbaycan erməni-bolşevik hərbi birləşmələri tərəfindən amansız bir təcavüzə məruz qalıb. Belə bir şəraitdə Azərbaycan cəmiyyətinin tək ümid yeri Osmanlı dövləti olub. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə bu təcavüzün qarşısı alınıb və Bakı işğaldan azad olub.
F. Mustafa qeyd edib ki, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn əsgərlər heç bir təmənna güdmədən canlarını, qanlarını Azərbaycan xalqının yolunda fəda edərək Azərbaycana dövlət qazanmaq yolunda şans veriblər: "Ona görə də Nuru Paşa başda olmaqla, bu insanların xatirəsi əbədiləşdirilməlidir. Onlar qəhrəmanlıqla vuruşaraq, Bakını erməni-bolşevik işğalçılarından azad ediblər. Bizim borcumuzdur ki, bu tarixi xüsusi diqqətlə anaq və onların haqqını verək. Bu insanların fədakarlığı olmasaydı, bəlkə də Azərbaycan bu ərazilərdə güclü dövlətə çevrilməzdi".
Millət vəkili Qənirə Paşayeva deyib ki, 15 sentyabr Azərbaycan üçün çox əhəmiyyətli bir tarixdir: "Bu tarixi biz məktəblərdən başlayaraq gənclərimizə aşılamalı, geniş şəkildə təbliğ etməliyik. Bununla bağlı sənədli filmlər də çəkilməlidir, bu tarix əbədiləşdirilməlidir. Mən ümid edirəm ki, Nuru Paşanın Bakının görkəmli yerində abidəsi ucaldılacaq. Çünki bu, bizə və gələcək nəsillərə çox lazımdır".
Tarixçi alim Şirməmmməd Hüseynov həmin dövrdəki tarixi hadisələri təhlil edərək Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, buradakı fədakarlığı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasındakı rolu barədə danışıb.
BAXCP sədri Qüdrət Həsənquliyev 1918-1920-ci illlər Azərbaycan-Türkiyə münasibətlərini yüksək qiymətləndirərək, hazırda bu münasibətlərin istənilən səviyyədə olmadığını vurğulayıb. O qeyd edib ki, bu gün bu iki dövlət müstəqil olsa da, hər hansı ittifaqda birləşə bilmir: "Bu gün torpaqlarımız işğal olunsa da, Türkiyə bu sahədə Azərbaycana lazımınca dəyər vermir. Ermənistanla müəyyən iqtisadi əlaqələr qurur. Biz hər bir tarixi hadisəyə bu günlə müqayisə edərək baxmalıyıq. O dövrün tarixi hadisələrindən ibrət dərsi götürərək bu günümüzü qurmalıyıq".
Millət vəkilləri İlyas İsmayılov, Sabir Rüstəmxanlı və tədbirin digər iştirakçıları da mövzu haqda fikirlərini bildiriblər.
Tədbirin sonunda 15 sentyabr- Bakının işğaldan azad edilməsi tarixinin rəsmi bayram günü kimi qeyd edilməsi, Ali hərbi təhsil müəssisələrində Nuru Paşa adına təqaüdün təsis edilməsi və bunun əlaçı kursantlara verilməsi və bu kimi məsələlərlə bağlı Prezident İlham Əliyevə partiya tərəfindən müraciət ünvanlanıb.
Qeyd edək ki, sentyabrın 15-də, saat 12:00-da isə Şəhidlər Xiyabanında Türk əsgərinin məzarı ziyarət ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB