Mingəçevir Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub

Mingəçevir Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Mingəçevir şəhər Statistika İdarəsinin yeni tikilmiş inzibati binasının açılışı olub. SİA-nın bölgə müxbirinin məlumatına görə, açılış mərasimində komitənin sədr müavini Rauf Səlimov, şəhər İcra Hakimiyyətinin rəsmiləri, yerli Statistika İdarəsinin rəisi Etibar Kərimov və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər son 10 ildə ölkə rəhbərinin dövlətin inkişafı istiqamətində gördüyü işlərdən danışıblar. Bildirilib ki, bu gün ölkəmizdə əhalinin rifah halı gündən-günə yaxşılaşır, ölkənin iqtisadi inkişaf tempi durmadan artır. Bu isə bütün sahələrə özünü ən yaxşı tərəfdən göstərməkdədir. Qeyd olunub ki, işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədilə Respublikanın 25 rayonunda yeni şöbələr üçün hər cür müasir avadanlıq və texniki vasitələrlə təmin olunan inzibati binalar tikilib istifadəyə verilib.

Rəsmi hissənin ardından açılışın rəmzi olan qırmızı lent kəsilib, həmçinin binaya baxış keçirilib.

Qeyd edək ki, burada işçilərin rahatlığını təmin etmək üçün bütün incəliklər nəzərə alınıb. Ümumi səhəsi 550 kv.m olan inzibati bina 3 mərtəbədən ibarətdir və tikili ən müasir standartlar çərçivəsində inşa olunaraq istifadəyə verilib. Tikilinin birinci mərtəbəsində iclas zalı, arxiv yerləşir. Binanın ikinci və üçüncü mərtəbələrində qiymət və büdcə sektoru fəaliyyət göstərir. Onu da bildirək ki, ölkə ərazisində daha 6 yeni inzibati binanın inşa edilməsi nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə