YAP Nizami rayon təşkilatı aztəminatlı ailələrin övladlarını sevindirdi

1-3-cü siniflərə gedən 140-dən artıq uşağa məktəb çantası və ləvazimatları hədiyyə olunub
YAP Nizami rayon təşkilatı aztəminatlı ailələrin övladlarını sevindirdi

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında yeni dərs ili ilə əlaqədar aztəminatlı ailələrin nümayəndələri ilə görüş keçirilib.

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva qarşıdan gələn Bilik Günü münasibətilə valideynləri və şagirdləri təbrik edib.

O bildirib ki, rayon təşkilatı ənənəvi olaraq hər il Bilik Günü ərəfəsində rayonda yaşayan aztəminatlı ailələrin nümayəndələri ilə görüşür və onların övladlarına məktəb çantası və ləvazimatları hədiyyə edir.

Sədaqət Vəliyeva bu humanitar aksiyanın Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə keçirildiyini bildirib: "Ulu öndərimiz daim imkansız ailələrə kömək etməyi tövsiyə edirdi. Biz bu tövsiyəyə sadiq qalaraq hər zaman belə insanlara diqqət göstərməyi özümüzə borc bilirik".

"Partiyamız daim humanizm mövqeyindən çıxış edərək bu cür tədbirləri gələcəkdə də davam etdirəcək", - deyən millət vəkili arzularını ifadə edərək məktəbin müqəddəs ocaq olduğunu deyib: "Məktəbdə gənc nəslə Vətəni, xalqı, valideynləri sevmək öyrədilir. Çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır".

Valideynlər isə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya, eyni zamanda, Yeni Azərbaycan Partiyasına minnətdarlıq ediblər.

Sonda bu il 1-3-cü siniflərə gedəcək 140-dən artıq uşağa məktəb çantası və ləvazimatları hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə