MSK iki nəfərin prezidentliyə namizədliyini qeydə almadı

MSK iki nəfərin prezidentliyə namizədliyini qeydə almadı

"ReAL" hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınmayıb. SİA xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında məlumat verilib.

MSK katibi Arifə Muxtarova namizədliyi irəli sürülən İlqar Eldar oğlu Məmmədov haqda məlumat verdikdən sonra MSK-nın İşçi qrupun rəhbəri İlham Məmmədov çıxış edərək bildirib ki, İlqar Məmmədovun namizədliyinin təsdiqlənməsi üçün MSK-ya təqdim edilən 41 247 ədəd imzanın 4982-si etibarsız çıxıb. Bununla da MSK açıq səsvermə yolu ilə İlqar Məmmədovun namizədliyini qeydə almayıb.

Daha sonra MSK üzvü Akif Qurbanov İlqar Məmmədovun namizədliyinin qeydə alınmamasının dəyərləndirilməsini istəyib.

MSK sədri Məzahir Pənahov bildirib ki, İlqar Məmmədovun imzalarının sayılması prosesində beynəlxalq təşkilatlarla yanaşı, ABŞ-ın Azərbaycandakı səfirliyindən də nümayəndələr iştirak edib. O qeyd edib ki, ümumiyyətlə MSK-nın atdığı addımlarda qaranlıq heç nə yoxdur.

Akif Qurbanov sualının cavablandırılmadığını əsas gətirərək iclası tərk edib.

MSK sədri isə onun bu hərəkətinin publikaya hesablandığını və KİV-in diqqətini cəlb etmək niyyətli olduğunu söyləyib. Məzahir Pənahov deyib ki, komissiya üzvünün demək və getmək hüququ var: "Biz bütün sualları cavablandırdıq. Komissiya üzvünün özünün danışmaq hüququ olsa da, bundan sonrakı proses onluq deyil. Etirazı anlamaq olar, amma aidiyyəti olmayan şəkildə suala cavab istəmək düzgün deyil".

Daha sonra MSK üzvü Fuad Cavadov isə Akif Qurbanovun hərəkətinin komissiya tərəfindən qiymət verilməsini istəyib.

Bundan başqa, bu gün keçirilən iclasda MSK Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin prezidentliyə namizədliyini də qeydə almayıb. Əvvəlcə MSK katibi Arifə Muxtarova namizədliyi irəli sürülən şəxs haqda məlumat verib.

Sonra MSK-nın İşçi qrupun rəhbəri İlham Məmmədov məlumat verərək deyib ki, Əli Əliyev 42 634 imza təqdim edib, imzalardan 5571-i etibarsız sayılıb. O bildirib ki, məhz bu səbəbdən də onun imza vərəqələrinin yoxlanılması dayandırılıb.

MSK açıq səsvermə yolu ilə Əli Əliyevin namizədliyini qeydə almayıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə