DMX Tvinninq layihəsi çərçivəsində növbəti tədbirini keçirib

DMX Tvinninq layihəsi çərçivəsində növbəti tədbirini keçirib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı Regional Miqrasiya İdarəsində Tvinninq layihəsi çərçivəsində "Qanunsuz miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizə" sahəsində seminar təşkil edilib. DMX-dən SİA-ya verilən xəbərə görə, seminar, Rumıniyanın Baş İmmiqrasiya Müffəttişliyindən, Niderland Krallığının İmmiqrasiya və Pasportların verilməsi İdarəsindən və Latviyanın Vətəndaşlıq və Miqrasiya Təşkilatından dəvət olunmuş ekspertlərin iştirakı ilə həyata keçirilib.

Seminarda DMX-nin müxtəlif idarələrindən dəvət olunan əməkdaşlarla yanaşı, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər. Seminarın əsas mövzusu, qanunsuz miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizədə Avropa İttifaqına üzv ölkələrin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində sistemlərinin, həmçinin hüquqi və institutsional çərçivənin, bu sahədə qurumlararası əməkdaşlığın aparılması istiqamətlərinin öyrənilməsi və təqdim edilən təkliflərin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyünün və uyğunluğunun təhlili olub.

Seminar çərçivəsində iştirakçılar, ekspertlərin təqdimatları əsasında qanunsuz miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində hər 3 ölkənin sistemləri ilə tanış olub, bu sahədə qurumlararası əməkdaşlıq istiqamətlərini öyrənib, dəyirmi masa müzakirələri və fikir mübadiləsi aparıblar. Sonda iştirakçılara Sertifikatlar təqdim edilib.

Qeyd edək ki, tədbir Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək" Tvinninq layihəsi çərçivəsində həyata keçirilmişdir. 2013-2015-ci illəri əhatə edən bu layihə çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland Krallığı, digər tərəfdaşları isə Latviya və Rumıniya respublikalarıdır. Ümumilikdə, layihə çərçivəsində miqrasiya sahəsindəki qanunvericilik, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarınıın professional inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması məqsədilə 4 istiqamət üzrə tədbirlərin keçirilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə