Səbailli müharibə veteranlarının toplantısı keçirilib

Səbailli müharibə veteranlarının toplantısı keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Səbail rayon şöbəsinin "Şəhidlər Xiyabanı"ndakı qərargahında müharibə veteranları, əlilləri, şəhid ailələri, Azərbaycanın Milli Qəhrəmanları və ailə üzvləri, məcburi köçkünlərin nümayəndəliyinin, həmçinin Səbail rayon Sosial Müdafiə Mərkəzi, Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. SİA-nın məlumatına görə, toplantı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən müxtəlif kateqoriyalardan olan vətəndaşların, o cümlədən şəhid ailələri, müharibə veteranları, əlillər, məcburi köçkünlərin pensiya və müavinətlərinin artırılması məsələlərinə həsr olunub.

Toplantını giriş sözü ilə açan AVMVB Səbail rayon şöbəsinin sədri İlham Əliyev ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə respublikamızda bir sıra sahələrdə çalışanların əmək haqlarının, əmək pensiyalarının, o cümlədən də müharibə veteranları, əlilləri, şəhid ailələri, məcburi köçkünlər və s. bu kimi imtiyazlı kateqoriyaya aid vətəndaşların pensiya və müavinətlərinin artırılmasından danışıb.

Qeyd olunub ki, respublika iqtisadiyyatının sürətli inkişafı, dövlətimizin günü-gündən möhkəmlənməsi və tərəqqisi ilə bağlı ölkə başçısının müvafiq sərəncamları ilə əməkhaqları, pensiya və müavinətlər də mütəmadi olaraq artır. Bu da ölkə vətəndaşlarının maddi durumunun artırılmasına, şəraitlərinin yaxşılaşdırılmasına səbəb olur. Qısa müddət ərzində məcburi köçkünlərlə bağlı böyük layihələr həyata keçirilib. Minlərlə məcburi köçkün ailələri müxtəlif rayonlarda tikilmiş şəhərciklərə, o cümlədən Bakı şəhərində onlar üçün inşa olunmuş yeni evlərə köçürülürlər. Şəhid ailələri, müharibə əlilləri, veteranları, imtiyazlı kateqoriyadan olan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilən çoxmənzilli binalarda mənzillərlə, həmçinin fərdi evlərlə təmin olunurlar. Dövlət Başçısının səyləri nəticəsində hər il yüzlərlə əlilə pulsuz minik avtomobilləri verilir, sanator müalicələri təmin olunur. Bütün bunlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Yeni iş yerlərinin açılması işsizlik problemlərinin həllinə kömək göstərir. Ölkədə yoxsulluğun həddi aşağı düşür. Həyata keçirilən yeni layihələr sayəsində yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər sosial obyektlər tikilir, köhnələri təmir olunur, yeni yollar salınır.

Toplantıda iştirak edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev ölkə başçısının daxili və xarici siyasətinin bariz nümunəsi kimi Azərbaycandakı iqtisadi irəliləyişdən, respublikada aparılan quruculuq və abadlıq işlərindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışıb, müharibə veteranları, şəhid ailələri, əlillər, digər imtiyazlı şəxslərlə bağlı görülən işlər barədə məlumat verib.

Toplantıda Səbail rayon Sosial Müdafiə Mərkəzi, Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri çıxış edərək pensiya və müavinətlərin artımı ilə bağlı rayonda həyata keçirilən işlərdən danışıb, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Müharibə veteranları, şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

Toplantıda həmçinin oktyabrın 9-da ölkədə keçiriləcək çox mühüm bir tədbir – Azərbaycan Respublikası Prezidentinin seçkiləri məsələsini də müzakirə ediblər. Bildirilib ki, müharibənin ən ağır günlərini yaşamış veteranlar hər zaman cəmiyyətin fəal üzvləri kimi bütün ictimai-siyasi proseslərin iştirakçısı olublar. Əvvəllər də qeyd olunduğu kimi, bu seçkilərdə veteranların yalnız bir namizədi vardır ki, bu da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Veteran döyüşçülər ölkənin gələcək inkişafını yalnız onunla görür və seçkilərdə ailələri ilə birlikdə İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə