Aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları paylanıb

Aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları paylanıb

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov uşaqları xoşbəxt, qayğısız və problemsiz görməyin Heydər Əliyev Fondunun ən böyük arzularından biri olduğunu bildirib.

O, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin Deputatı Mehriban xanım Əliyevanın dəstəyi və köməkliyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpa edilməsi, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələr, sosial proqramlar həyata keçirildiyini, böyük uğurlar qazanıldığını bildirib.

S.Mikayılov qeyd edib ki, Fondun xətti ilə hər il onlarla təhsil və tibb ocaqları tikilərək, internat məktəbləri, uşaq evləri təmir edilir, yeni avadanlıqlarla təchiz olunaraq, kimsəsizlərə, ehtiyacı olanlara qayğı göstərilir: "Rayonumuzun bir çox məktəbləri də həmin Fondun dəstəyi ilə əsaslı təmir olunub, müasir standartlar səviyyəsində yenidən qurularaq balalarımızın ixtiyarına verilib".

Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə