Yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb FOTO

Yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb FOTO

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 2012-2013-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev, məktəb direktorları, qabaqcıl müəllimlər, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 18 nəfər məzun iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər, müasir Azərbaycan dövlətinin yaradıcısı olan Heydər Əliyevin Respublikada təhsilin inkişafına, Azərbaycan məktəbinə, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıb. İcra başçısı bu gün Prezident İlham Əliyev tərəfindən bu sahəyə verilən xüsusi qiymətin nəticəsi kimi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı qeyd edib. Bundan əlavə respublikamızın hər yerində yeni tikilən, əsaslı təmir olunan ən müasir avadanlıqlarla təchiz olunan təhsil ocaqlarını gələcəyimiz olan gənclərə dövlət tərəfindən verilən dəyərin göstəricisi kimi səciyyələndirib.

Milli Məclisin deputatı Ağalar Vəliyev öz nitqində təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla davam etdirilən təhsil strategiyası barədə danışıb.

Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyəti başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə ötən tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1206 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 944 abituriyentin 48 faizi, yəni 447 nəfəri tələbə adını qazandığı nəzərə çatdırılıb. Bundan əlavə ötən tədris ilinin yekunlarına görə rayonun Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "2012-2013-cü tədris ilində ilin ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibi adına layiq görüldüyü qeyd edilib.

Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplamış 18 nəfərə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən qiymətli hədiyyələr və pul mükafatları, eləcə də "2012-2013-cü tədris ilində ilin ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibi adına layiq görülmüş Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəblərinin bir neçə müəlliminə hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə