Sentyabrın 11-də Lənkəranda "Yaşıl Çay" jurnalının 1 illik yubileyi təntənə ilə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər qonaqlar Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimə rayon rəsmiləri, çayçılıq üzrə ixtisaslaşmış mütəxəssislərlə yanaşı, respublikanın tanınmış yazarları, qəzet redaktorları, Mətbuat Şurasının səlahiyyətliləri də qatılıblar.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov "Yaşıl Çay" jurnalının kollektivini yubiley münasibəti ilə təbrik edərək ölkədə Azərbaycan çayının əvvəlki şöhrətinin qaytarılması istiqamətində jurnalın apardığı səmərəli işi yüksək dəyərləndirib. Bildirib ki, jurnal qısa müddət ərzində çayın təbliği sahəsində böyük işlər görüb: "Fəxr edirəm ki, redaksiya heyətinin üzvü olduğum "Yaşıl çay" uğurlu fəaliyyəti nəticəsində nəinki təkcə Lənkəranda, həm də respublikamızda geniş populyarlıq qazanıb, ölkəmizin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər burada öz əksini tapıb, onun bir ildə gördüyü işlər bəlkə də on illərə bərabərdir".
Jurnalın redaktoru Sərraf Talıbov çıxış edərək nəşrin 1 illik fəaliyyəti barədə məlumat verib. Ötən ilin avqust ayında fəaliyyətə başlayan jurnalın indiyədək 8 sayının oxucuların ixtiyarına verildiyini və jurnalın ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan 6-cı xüsusi sayının geniş rəğbət qazandığını qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək milli mətbuatımızın keçmişindən, bu günündən və perspektivindən söhbət açıb. Bildirib ki, dövlət başçısı İlham Əliyevin mətbuata olan diqqət və qayğısının məntiqi nəticəsidir ki, bu gün jurnalistlərin sosial problemləri həll edilir, müstəqil mətbuat inkişaf edir: "O cümlədən region mətbuatının inkişafı göz qabağındadır. Əgər dünən regionda dərc olunan qəzet və jurnalların sayı elə rayonların sayı qədər idisə, bu gün hər rayonda bir neçə mətbu orqan fəaliyyət göstərir. Təbii ki, bütün bunlar yerlərdə mətbuata yaradılan şərait səbəbindən işıq üzü görür".
Ə.Amaşov "Yaşıl Çay" jurnalının xeyirxah bir missiyanı - Azərbaycan ailələri üçün əvəzedilməz nemət sayılan çayın strateji məhsulun təbliği kimi çətin işi həyata keçirdiyini xüsusi olaraq qeyd edib.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Prezident İlham Əliyevin bir neçə gün öncə Lənkərana möhtəşəm səfəri, rayonda yeni obyektlərin açılışında iştirak etməsi və rayonda əldə edilən uğurlara görə lənkəranlıları təbrik edib: "Əlavə etmək istəyirəm ki, cənab Prezident regionlara səfər etməklə burada aparılan abadlıq, quruculuq işlərinin gedişi ilə birbaşa maraqlanır. Təbii ki, burada məqsəd rayonlarla paytaxtın inkişafında fərqləri minimuma endirməkdir. Regionların inkişaf etməsi həm də insanların sosial-iqtisadi vəziyyətlərinin müsbətə doğru dəyişməsində böyük rol oynayır, yeni iş yerləri açılır. Regionda məskunlaşan insanların işlə təminatı eyni zamanda aqrar sektorun inkişafını gerçəkləşdirir. Heç təsadüfi deyil ki, bu gün 1 yaşını qeyd etdiyimiz "Yaşıl Çay" jurnalının təsisçisi Araz Yağubov da dövlətimizin yerlərdə yaratdığı imkanlardan istifadə edərək eyniadlı fermer təsərrüfatı yaradıb və 150-dən çox insanı işlə təmin edib".
V.Rəhimzadə "Yaşıl Çay" jurnalının timsalında region mətbuatının inkişafından da danışıb. Bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin başlatdığı siyasəti uğurla, modern formada həyata keçirən Prezident İlham Əliyevin mətbuata olan diqqət və qayğısı sayəsində bu gün 150-dən artıq jurnalist evlə təmin olunub. Bu gün region mətbuatının inkişafı da dediklərimizə əyani sübutdur.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında öncə yaradıcı kollektivə uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə mətbuata dövlət qayğısının artması fonunda "Yaşıl çay"ın işıq üzü görməsi təsadüfi deyil: "Lakin bu jurnalın bölgədə təsis olunub yüksək keyfiyyət və peşəkarlıqla nəşr olunması həqiqətən sevindirici haldır. Digər tərəfdən jurnalın çayçılıq kimi mühüm bir sahənin təbliğini prioritet kimi götürməsi bu dərginin əhəmiyyətini qat-qat artırır. Ulu Öndərimiz Heydər Əliyevin mətbuata olan diqqət və qayğısı bu gün özünü Cənab Prezident İlham Əliyevin bu sahəyə daha modern yanaşmasında özünü göstərir. Bir sözlə Ümummilli Liderimizin əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir. Bu yanaşma təbii ki, regionda da özünü göstərir. Prezident bu və ya digər sahəyə diqqət və qayğı göstərməklə, eyni zamanda yerlərdə məmirlara da çağırış edir, onlara nümunəvi olmağı tövsiyyə edir. Belə nümunələrdən birini biz bu gün Lənkəranda gördük. Məmur-media münasibətlərindəki şəffaflığın şahidi olduq".
B.Quliyev 1 yaşını qeyd etdiyi "Yaşıl Çay" jurnalının kollektivinə uğurlar arzulayıb və ümid etdiyini bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aqrar sahədə aparılan möhtəşəm islahatların, əldə edilən iqtisadi uğurların yerlərdə təbliğ olunmasında "Yaşıl Çay" jurnalı bütün gücündən və imkanlarından istifadə edəcək.
Baş redaktor həmçinin "Yaşıl çay"ın bu qısa zaman kəsiyində bir sıra parametrlərdən, xüsusən də obyektivlik, aktuallıq baxımından çox-çox nəşrlərə örnək olmağa layiq olduğunu vurğulayıb.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışına Səməd Vurğunun məşhur şeirinin Lənkəranı tərənnüm edən bəndi ilə başlayıb. Təbii ki, bu, zalda əyləşənlərin alqışları ilə qarşılanıb. Bildirib ki, Lənkəran öz təbiəti, qonaqpərvər insanları və o cümlədən çayı ilə məşhurdur: "Müstəqilliyimizin ilk dövrlərində səriştəsiz rəhbərlərin əməllərinin nəticəsi olaraq çayçılığa böyük ziyan dəydi. Plantasiyaların əksəriyyəti dağıdıldı və beləliklə, Səməd Vurğunun arzu etmədiyi hallara düşdük, yadlara çay üçün əl açdıq. Bu gün isə vəziyyət ürəkaçandır, artıq statistikaya görə Cənub bölgəsində 400 hektardan çox çay plantasiyası salınıb. Yəqin ki, bunun davamı da olacaq. Bu starateji məhsulun təbliğ olunmasında fədakarlıq göstərən "Yaşıl Çay" yurnalı düşünürəm ki, bu missiyanı uğurla yerinə yetirir. Bu işdə hörmətli həmkarlarıma uğurlar arzulayıram".
Sonra tədbirdə çayçı alim Fərman Quliyev və başqaları çıxış ediblər.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalın kollektivini Fəxri fərmanla təltif edib və qiymətli hədiyyə ilə mükafatlandırıb. Eyni zamanda jurnalın yaradıcı kollektivinə Mətbuat Şurasının xüsusi diplomu təqdim olunub.
Tədbirdə həmçinin 1 il ərzində jurnalda maraqlı yazılarla çıxış edən müəlliflər ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırılıblar.
Sonda Milli Qəhrəman atası Ələkbər Əliyev, rəssam Adil Əsədli və "Lənkəran" qəzetinin baş redaktoru İltifat Əhmədov jurnalın kollektivinə hədiyyələr təqdim ediblər.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB