Elektrik enerjisi və istiliyin təhcizatında mövsüm hazılığı MÜNASİBƏT
Məlumdur ki, payız-qış mövsümünün gəlişilə əlaqədar respublikanın enerji və istiliklə təchizatında tələbat artacaq. Xüsusilə də ucqar kəndlərdə və qazlaşdırılmayan yaşayış massivlərində kifayət qədər problemlər özünü büruzə verəcək. Sözügüdən mövsümlərdə elektrik enerjisi və istilik çatışmazlığı kimi halların qarşısının alınmasi üçün aparılan hazırlıqlarla əlaqədar aidiyyəti qurumların rəsmilərinin mövqelərini öyrənməyə çalışdıq.
"Bakıelektrikşəbəkə" ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, payız-qış mövsümünə hazırlıq davam edir: "İşıqların sönməsi artıq unudulsun, bu kimi hallar tarixdə qaldı. Fəsildən asılı olmayaraq, idarəmiz abonentlərin elektrik enerjisi ilə təmin olunmasında maraqlıdır və bu təchizat davamlı aparılır. Apardığımız əsaslı təmir və yenidənqurma işləri, 50-dən artıq 35 kilovatlıq, 20-dən artıq 110 kilovatlıq yarımstansiyaların mövcudluğu xüsusilə payız və qış aylarında abonentlərimizin mütəmadi olaraq elektrik enerjisilə təmin olunmasına şərait yaradacaq. Abonentlər yaz və yay aylarında olduğu kimi, payız və qış ayılarında da elektrik enerjisilə təmin olunacaqlar".
Rəsminin sözlərinə görə, abonentlərin elektrik enerjisilə təminatında problemlərin yaranması yalnız onların özündən asılı ola bilər: "Abonentlər istifadə etdikləri elektrik enerji haqlarını vaxtında ödəsələr, qarşıdan gələn mövsümdə onlar üçün heç bir çətinlik yaranmayacaq. Xüsusilə qeyd etmək istərdim ki, artıq yay mövsümü başa çatıb, insanlar bağ evlərindən şəhər mənzillərinə köçürlər. "Bakıelektrikşəbəkə" ASC olaraq abonentlərimizdən xahiş edirik ki, aylıq ödəmələri gecikdirmədən vaxtında ödəsinlər. Bu zaman heç bir problem yaşanmayacaq".
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə bildirib ki, hər il olduğu kimi cari ildə də təmsil etdiyi qurum payız-qış mövsümünün gəlişilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Onun sözlərinə görə, 2012/2013-cü ilin payız-qış mövsümünün nəticələri təhlil olunub, həmin mövsümdə yaranmış problemlərin bu mövsümdə də təkrarlanmaması üçün bütün qaz istismar sahələrinə göstərişlər verilib: "Payız qış mövsümü ilə əlaqədar tədbirlər adətən yaz-yay mövsümündən başlayır və noyabr ayına qədər davam edir. Hazırlıq tədbirləri çərçivəsində praktik tədbirlər görülür. Belə ki, qazpaylayıcı şəbəkənin sisteminin nizamlanması, korroziyaya uğramış qaz xətlərinin hissələrinin dəyişdirilməsi, təmir olunması, yeni qaz xətlərinin çəkilməsi istiqamətində işlər görülür. Bütün bu tədbirlər qarşıdan gənən payız-qış mövsümündə problemlərin meydana çıxmasının qarşısının alınmasına xidmət edir".
Qış mövsümü ilə əlaqədar abonentlərə verilən qaz həcminin artırılması məsələsinə aydınlıq gətirən Araz Ağayev bildirib ki, qaz həcminin artırılmasının vaxtı öncədən dəqiqləşdirilmir: "Bu rejim qaz istismar sahələrinin tələbatına uyğun olaraq tənzimlənir. Hava şəraiti gözlənilmədən dəyişərsə, buna uyğun olaraq abonentlərin qaz təchizatı tənzimlənəcək, qazın həcmi artırılacaq. Ümumilikdə isə gündəlik olaraq qaz istismar sahələrindən abonentlərin istiliyə olan tələbatı öyrənilir və qazın verilmə həcmi buna uyğunlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB