Serbiyalı tələbələrin Azərbaycana səfəri başladı

Serbiyalı tələbələrin Azərbaycana səfəri başladı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Serbiya Universitetlər Birliyi (SKONUS) ilə əməkdaşlığı çərçivəsində 10 - 16 sentyabr tarixlərində Serbiyanın Belqrad Dövlət, Niş Dövlət və "Singidunum" Universitetlərinin tələbələri ölkəmizdə səfərdədilər. ATGTİ-dən SİA-ya verilən məlumata görə, səfərin proqramına uyğun serbiyalı tələbələr bu gün Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Eyni zamanda qonaqlar Serbiyanın ölkəmizdəki səfirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, ATGTİ, Azərbaycan Tələbələr Birliyi, "İRƏLİ" İB və ARGTMŞ-da bir sıra görüşlərə qatılacaqlar.

Keçiriləcək görüşlərdə serbiyalı qonaqlar Azərbaycanın gənclər siyasəti ilə yaxından tanış olacaq, QHT-lərimizin Serbiya tərəfi ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Qonaqları Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış etmək üçün İçəri şəhər, Şirvanşahlar Sarayı və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyalar təşkil olunacaq.

Qeyd edək ki, cari ilin 2 - 9 sentyabr tarixlərində ATGTİ nümayəndə heyəti Serbiyaya səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə