Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olub FOTO

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olub FOTO

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olub. SİA-nın məlumatına görə, görüşdə Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığından, möhkəm təmələ əsaslanmasından bəhs edən Həmid Qaradəniz deyib ki, iki qardaş ölkənin adlarının birgə çəkilməsi hər birimizdə böyük qürur hissi yaradır.

O, mətbuatın ictimai fikrə təsir imkanlarının böyük olduğunu nəzərə alaraq Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında və təbliğində KİV-lərin üzərinə böyük məsuliyyət düşdüyünü də bildirib.

Azərbaycanda böyük bir inkişafın şahidi olduğunu deyən Həmid Qaradəniz bu inkişafdan KİV-in faydalandığını xüsusi olaraq vurğulayıb. "Yeni Azərbaycan" qəzetinin iki ölkənin qardaşlıq əlaqələrinə verdiyi töhfələri də xüsusi vurğulayan Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri, həmçinin, "hər iki ölkənin mətbuatı Türkiyə-Azərbaycan qardaşlığının daha da inkişaf etməsi üçün əlindən gələni etməlidir. Mən də öz fəaliyyətimi məhz bu istiqamətə yönəldəcəm" sözlərini əlavə edib.

Qonağı salamlayan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə öncə qəzet haqqında qısa məlumat verib. Baş redaktor 20 illik tarixə malik "Yeni Azərbaycan" qəzetinin dövlət quruculuğu istiqamətində atılan addımların təbliği işində hər zaman öndə getdiyini deyib.

Ölkəmizdə azad mətbuatın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında da qonağa bilgi verən Hikmət Babaoğlu əlavə edib ki, bütün mətbu orqanlar kimi "Yeni Azərbaycan" qəzetinin əməkdaşları da daima bu diqqət və qayğını öz üzərlərində hiss edirlər.

Daha sonra Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə toxunan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru bu münasibətlərin Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və dahi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri, kədərimizdir" deyimlərindən güc aldığını söyləyib. Hikmət Babaoğlu həmçinin, bu əməkdaşlığın davamlı olması üçün hər iki ölkənin KİV-nin üzərinə böyük vəzifə düşdüyünü deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə