Qazaxıstan 2025-ci ildə latın qrafikalı əlifbaya keçəcək

Qazaxıstan 2025-ci ildə latın qrafikalı əlifbaya keçəcək

Azərbaycan alimi ölkəmizin latın qrafikalı əlifbaya keçid təcrübəsini Qazaxıstanın elm və təhsil işçiləri ilə bölüşür. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Məsud Mahmudov Qazaxıstanın Elm və Təhsil Nazirliyi tərəfindən dəvət alıb.

O, qonşu ölkənin dilçi mütəxəssisləri ilə görüşüb, latın qrafikasına keçid istiqamətində ölkəmizin təcrübəsindən danışıb. Azərbaycanlı mütəxəssis bu islahatlarda iştirak edən digər türkdilli respublikaların, o cümlədən Orta Asiya ölkələrinin də təqdim etdiyi layihələrlə tanış olub, onlar barədə fikir mübadilələrində iştirak edib. Dilçi alimimiz gələcəkdə ortaq türk əlifbasına keçid problemini aradan qaldırmaq üçün Qazaxıstan əlifbasının Azərbaycan və türk əlifbalarına uyğunlaşdırılmasını daha məqsədəuyğun hesab edib.

Qazaxıstanın Dövlət Dil Komissiyasının üzvlüyünə də qəbul olunan M.Mahmudov bildirir ki, qonşu ölkə bütün islahat təkliflərini dəyərləndirdikdən sonra 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə