Əhalinin gəlirlərinin artımı müxalifəti narahat edir

Çünki müxalifət iqtidarın uğurlarını özünə böyük zərbə hesab edir
Əhalinin gəlirlərinin artımı müxalifəti narahat edir

2003-2013-cü illər Azərbaycan Respublikasının müstəqillik tarixinə sürətli inkişaf illəri kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli Fərmanı ilə əsası qoyulmuş sosial-iqtisadi inkişaf siyasəti ölkə iqtisadiyyatının dirçəlməsində, cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsində, əhalinin rifah halının yüksəlməsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasında və qlobal proseslərin iştirakçısına çevrilməsində başlıca faktora çevrildi.

Son 10 ildə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məsələləri dayanır. İqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.

Təəssüf ki, bir sıra daxili siyasi qruplar və xarici dairələr əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışırlar. Dağıdıcı müxalifət funksionerləri, mətbuatı, psevdoekspertlər Azərbaycanda əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün ciddi cəhdlər göstərirlər.

İddia olunur ki, seçki öncəsi əmək haqlarının artırılması daha çox siyasi məqsədlər güdür. Lakin ölkəmizdə son 10 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsi bu iddianı alt-üst edir. Məsələn, 2011-ci ildə Azərbaycanda seçkilər keçirilmədi, lakin əmək haqlarının artırılması ilə bağlı aşağıdakı sərəncamlar verildi:

- 2011-ci il 1 dekabr tarixli "Minimum aylıq əməkhaqqının artırılması haqqında";

- 2011-ci il 5 dekabr tarixli "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında";

- 2011-ci il 6 dekabr tarixli "Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında";

- 2011-ci il 7 dekabr tarixli "Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında";

- 2011-ci il 8 dekabr tarixli "Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında";

- 2011-ci il 9 dekabr tarixli "Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında";

2011-ci il 10 dekabr tarixli "Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında".

Ümumilikdə, 2003-2013-cü illərdə minimum əməkhaqlarının artırılması barədə 12 sərəncam imzalanmışdır. Nəticədə minimum əməkhaqqı 11,7 dəfə artırılaraq 2013-cü ildə 105 manata çatdırılmışdır. Nəzərə alınmalıdır ki, 2003-2013-cü illərdə minimum əmək haqqının artımı üçün verilən 12 sərəncamın cəmi 3-ü prezident seçkisi ilinə təsadüf etmişdir. Bu fakt onu göstərir ki, əməkhaqlarının seçkidən-seçkiyə artırılması barədə deyilənlərin ciddi əsası yoxdur.

Azərbaycan Respublikasında illər üzrə müəyyən edilmiş minimum əmək haqqının səviyyəsi, manatla

Tarix Minimum əmək haqqı

01.09.2003 9,0

01.01.2004 12,0

01.07.2004 20,0

01.01.2005 25,0

01.10.2005 30,0

01.01.2007 40,0

01.02.2007 50,0

01.01.2008 60,0

01.09.2008 75,0

01.09.2010 85,0

01.12.2011 93,5

01.09.2013 105

O da nəzərə alınmalıdır ki, Azərbaycanda prezident seçkilərindən iki il sonra parlament seçkiləri, parlament seçkilərindən 3 il sonra isə prezident seçkiləri keçirilir. Yəni ehtimal nəzəriyyəsinə görə, əməkhaqqı artımı ya parlament, ya da ki, prezident seçkiləri ilinə düşə bilər.

Müxaliflər belə bir tezis də irəli sürürlər ki, əməkhaqqı artımından sonra qiymətlər dərhal bahalaşacaq. Bu iddia heç bir iqtisadi məntiqə söykənmir və sadəcə havadan götürülən rəqəmlərə əsaslanır. Əvvəlki illərin təcrübəsi göstərir ki, hökumət monetar və fiskal siyasət alətlərindən istifadə etməklə qiymətlərin sabitliyini qorumağı bacarır. Hesablamalar göstərir ki, 2014-cü ildə əməkhaqqı artımlarını təmin etmək üçün illik 600 milyon manat vəsait lazım olacaq. Bu məbləğin hansı səviyyədə inflyasiya təzyiqini yaratmasını müəyyənləşdirmək üçün yaxın keçmişin analoji situasiyalarına diqqət yetirək. Məsələn, ölkə prezidentinin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" 2012-ci il 14 mart tarixli fərmanından sonra 1,4 milyon əmanət hesabı üzrə vətəndaşlara təxminən 600 milyon manat vəsait qaytarıldı. Amma bu vəsait qaytarılan müddətdə illik inflyasiya cəmi 1,1 faiz olmuş, əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Bu fakt göstərir ki, qaytarılan əmanətlər ciddi bahalaşmaya səbəb olmamışdır. Hərçənd ki, müxalifət təmsilçiləri əmanətlərin qaytarılmasının müsbət məziyyətlərindən danışmaq əvəzinə, prosesin daha çox inflyasiya yaradacağını bildirirdi. Deməli, 600 milyon manat vəsaitin əmək haqqı artımına yönəldilməsi də ciddi inflyasiya dalğası yaratmayacaq. Əksinə əmək haqlarının daimi artırılması insanların sosial rifah halını daha da yaxşılaşdıracaq.

Əmək haqqı artımı üçün tələb olunan illik 600 milyon manat və pensiya artımı üçün tələb edilən illik 250 milyon manat vəsait Azərbaycanda pul bazasının cəmi 8 faizini təşkil edir. Artımların birbaşa deyil, tədricən dövriyyəyə daxil olmasını da nəzərə alsaq inflyasiya dalğasından söhbət gedə bilməz. Ən əsası odur ki, Azərbaycanda qeyri-neft ÜDM-nin illik artım tempi 10 faiz civarında sabitləşib və bu da imkan verir ki, əhalinin gəlirləri də proporsional artsın.

Özünü "Milli Şura" adlandıran qurumun iqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu bir tərəfdən əmək haqqı və pensiya artımının inflyasiya yaratmasından narazılıq edir, digər tərəfdən də bu artımların kifayət qədər az olmasından şikayətlənir. Belə ziddiyyətli məntiq Qubad İbadoğlunun obyektiv olmadığını göstərir. Hətta müxalifət "iqtisadçısı" artım göstəricilərini ya bilərəkdən, ya da bilməyərəkdən saxtalaşdıraraq təqdim edir. Məsələn, "Azadlıq" qəzetinə verdiyi müsahibədə Qubad İbadoğlu pensiyaların baza hissəsinin artımı nəticəsində təqaüdçülərin 6 manat 50 qəpik artıq pensiya alacağını hesablayıb. Hansı ki, pensiyanın baza hissəsini 100 faiz alanların pensiyasının artımı 15 manat, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup əlillər istisna olmaqla) üzrə artım 19,5 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə isə 31,5 manat təşkil edəcək.

Normal məntiq, iqtisadi qanunlar əməkhaqlarının artırlması məsələsində böyük pul kütləsinin dövriyyəyə buraxılmasının fəsadlarını nəzərə almağı tələb edir. Buna görə də Azərbaycan hökuməti maaş və pensiyaları ardıcıl şəkildə, ilbəil makroiqtisadi sabitliyə kəskin təsir etməyəcək səviyyədə artırır. Əgər müxalif psevdoiqtisadçıların manipulyativ məntiqindən çıxış etsək və əmək haqlarının, pensiyaların, müavinətlərin birdən-birə 100, hətta 200 faiz artırıldığını ehtimal etsək, inflyasiyanın AXC-Müsavat hakimiyyəti dövründəki astronomik faizlərlə ölçüləcəyi şübhəsizdir. Yəqin onların təxribatçı təbliğatının əsasında da məhz bu məqsədə nail olmaq niyyəti dayanır.

Qubad İbadoğlu ilk dəfə deyil ki, müxalifətin siyasi maraqlarına hesablanmış manipulyativ hesablamalarla cəmiyyəti çaşdırmağa çalışır. Məsələn, 2012-ci il noyabrın 14-də "ictimai palata" adlanan qurumun keçirdiyi "Azərbaycanın 2013-cü il dövlət büdcəsi zərfinin ictimai müzakirəsi"ndə o, iddia etmişdi ki, Azərbaycanın qeyri-neft büdcəsi bütövlükdə 5,2 milyard manat təşkil edir: "Bizim bu 5,2 milyardlıq qeyri-neft büdcəmiz Gürcüstanın 2013-cü il üçün təqdim etdiyi büdcə ilə müqayisədə 2,5 dəfə azdır. Gürcüstanın 2013-cü il dövlət büdcəsi 15 milyard dollar səviyyəsində proqnozlaşdırılır. Bilirsiniz ki, Gürcüstanda neft pulları yoxdur". Gürcüstan Maliyyə Nazirliyinin saytına baxanda, Qubad İbadoğlunun ciddi saxtakarlığa yol verdiyi üzə çıxır. Gürcüstan Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində göstərilir ki, 2012-ci ildə bu ölkənin dövlət büdcəsi 4,8 mlrd. dollar təşkil edib. Maliyyə naziri Nodar Xaduri açıqlamasında bildirib ki, Gürcüstanın 2013-cü il üzrə dövlət büdcəsi də 4.8 milyard dollar səviyyəsində saxlanacaq. Yəqin ki, Gürcüstanın dövlət büdcəsi barədə gürcü nazirin açıqlaması daha həqiqətə uyğundur.

Elementar hesablama Azərbaycanın iqtisadi və maliyyə imkanlarının digər Cənubi Qafqaz respublikaları ilə ölçüyəgəlməz dərəcədə yüksək olduğunu təsdiq edir. Məsələn, Azərbaycanda 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollar təşkil edir. Ermənistanın dövlət büdcəsi isə 2,5 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 4.8 milyard dollardır. Bu da ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstandan 5 dəfə çoxdur. Ümumilikdə, 2013-cü ildə Azərbaycanın dövlət büdcəsi Ermənistan və Gürcüstanın birgə dövclət büdcəsindən 4 dəfə çox olacaq ki, bu da region iqtisadiyyatının 80 faizinin Azərbaycan iqtisadiyyatının payına düşməsindən xəbər verir.

Müxalifət "iqtisadçıları" belə bir fikir də irəli sürüblər ki, guya əmək haqqı artımlarından sonra inflyasiya sürətlənəcək və əhalinin artan qazancı "inhisarçıların cibinə gedəcək". Əslində belə çıxışların hansı məqsəd güddüyü bəllidir. Belə çirkin təbliğat nəticəsində alıcılar inflyasiyanın qorxusundan daha çox indi almaq, satıcılar isə inflyasiyadan qazanc götürmək üçün sonra satmaq barədə düşünürlər. Beləliklə, inflyasiya ajiotajı yaradılır və qiymətlərdə süni şəkildə şişmə baş verir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda qiymətlərin süni bahalaşdırılmasında ilk növbədə müxalifət maraqlıdır.

"Yeni Müsavat" qəzeti 6 sentyabr tarixli sayında Nobel laureatı və "iqtisadiyyatın peyğəmbəri" Rubinidən də "uzaqgörən" hesablamalar əldə edib. Qəzet yazıb ki, "hər ay artımların maliyyələşməsinə ayrılacaq 50 milyon manatı artımlardan faydalanacaq 3 milyona bölsək, bəlli olar ki, vətəndaşların gəliri orta hesabla cəmi 17 manat artacaq..." Əvvəla qeyd edək ki, vətəndaşların məşğulluq, pensiya və müavinətlərdən formalaşan gəlirləri onların ümumi gəlirlərinin 50 faizindən azını təşkil edir. Bundan başqa, özüməşğulluqdan, kənd təsərrüfatından, əmlakdan, icarədən və digər gəlirlər də mövcuddur ki, ailə büdcəsinin qazancının yarıdan çoxunu təşkil edir. Yəni indiki halda artımlar yalnız əmək haqqı, pensiya və müavinətləri əhatə edir, bütün gəlirləri yox... Digər tərəfdən isə haqqında bəhs olunan 50 milyon manat yalnız əmək haqqı və dövlət büdcəsindən verilən digər ödənişlərə aiddir. Hansı ki, pensiyaların artımı üçün illik əlavə olaraq 250 milyon manata yaxın vəsait xərclənəcək.

Maraqlısı budur ki, adi iqtisadi məntiqi olmayan "Yeni Müsavat"ın iqtisadiyyat yazarı Azərbaycanda minimum əmək haqqının dərhal Avropa səviyyəsinə çatdırılmasını tələb edir. Əlbəttə, nəinki Azərbaycan, hətta hər nəfərə düşən karbohidrogen ehtiyatları ilə bizdən azı

1,3 dəfə zəngin olan Rusiya (hələ digər resursları və ərazini demirik) və 1,7 dəfə zəngin olan Qazaxıstan (digər sərvətləri və geniş ərazisi ilə) da Avropadakı səviyyədə minimum əmək haqqı verə bilmir. Qazaxıstanla müqayisədə Azərbaycanın potensialı (əhali, ərazi və resurslar) aşağı olmasına baxmayaraq, ölkəmizdə minimal əmək haqqı 105 manat olduğu halda, Qazaxıstanda bu göstərici 95 manatdır. Ancaq "Yeni Müsavat"ın müxbiri 1 milyona qədər məcburi köçkün və qaçqını olan və illik hərbi büdcəsi 3,7 milyard dollar təşkil edən Azərbaycandan minimum əmək haqqını Avropa səviyyəsinə çatdırmağı tələb edir. Bir də ki, belə müqayisələr aparanda mütləq ölkələrin inflyasiya səviyyəsini də nəzərə almaq lazımdır. Dünya İqtisadi Forumunun "Qlobal rəqabətlilik 2013-2014 hesabatı"nda Azərbaycan dünyada ən aşağı inflyasiya göstəricisinə malik olmaqla 1-ci yeri tutub. Bu, o deməkdir ki, əmək haqqı, pensiya və müavinət artımları inflyasiyanın yeminə çevrilmir. "Yeni Müsavat" isə yazıb ki, "...ilin sonuna qədər əhalinin artan 17 manat gəlirinə cəmi 1 kiloqram sümüklü mal əti almaq mümkün olacaq...". İlin sonuna qalan 3-4 ay ərzində Azərbaycanda inflyasiyanın indiki 2 faiz səviyyəsindən 100 faizə çatmasına inanmaq, sadəcə sadəlövhlükdür.

"Yeni Müsavat" qəzeti son 10 ildə əməkhaqqı artımları ilə yanaşı, məhsul və xidmətlərin də bahalaşdığını yazır. Amma gəlin görək bu iki artım tempi arasında əlaqə necədir və orta maaşın alıcılıq qabiliyyəti hansı istiqamətə dəyişib. Orta aylıq əmək haqqı 2003-cü ildə rəsmi statistikaya görə 77,4 manat, 2013-cü ilin 1 iyun tarixinə görə isə 408,8 manat təşkil etmişdir. Bu məbləğə 2003-cü ildə 2090 ədəd yumurta və 516 kq kartof almaq mümkün idisə, 2013-cü ilin iyunun 1 tarixinə bu məbləğə 4050 ədəd yumurta və 730 kiloqram kartof almaq mümkündür. Deməli, əmək haqqının alıcılıq qabiliyyəti dəfələrlə artıb.

Son 10 il ərzində əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 9 dəfə çoxalmış, əhalinin gəlirləri 6,9 dəfə, əməkhaqqı 6,3 dəfə və pensiyalar 8,6 dəfə yüksəlmişdir (son artımlar nəzərə alınmadan).

Dünya İqtisadi Forumunun "Qlobal rəqabətlilik, 2013-2014 hesabatı"na əsasən, Azərbaycan dünyanın 40 ən rəqabətədavamlı iqtisadiyyatı sırasına daxil olmuşdur. "Standard and Poors", "Moodys", "Fitch" kimi dünyanın aparıcı reytinq agentlikləri inkişaf etmiş ölkələrin reytinqlərini aşağı endirdikləri halda, Azərbaycanın reytinqini davamlı şəkildə yüksəldirlər. Bu faktlar Azərbaycanın iqtisadi qüdrətinin beynəlxalq birlik, dünyanın aparıcı və maliyyə institutları tərəfindən etiraf olunması və təsdiq edilməsi deməkdir.

Bütün bunlar bir daha əyani şəkildə təsdiq edir ki, müxalifətin həyata keçirilən sosial-iqtisadi siyasəti tənqid etmək cəhdləri yalnız siyasi konyuktur maraqlarından irəli gələn cılız və əsassız iddialar üzərində qurulub. Spekulyativ, açıq saxtalaşdırma və qərəz üzərində qurulan bu kimi iddialar heç vaxt ictimai rəydə kök sala və Azərbaycanda həyata keçirilən siyasi kursu ləkələyə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə