Macarıstan “Böyük İpək Yolu”na təşəkkür edib

Macarıstan “Böyük İpək Yolu”na təşəkkür edib

Macarıstanın İnsan Resursları Nazirliyi "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqına təşəkkür məktubu göndərib. Bu barədə SİA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib.

İnsan Resursları naziri Zoltan Balog məktubda təşkilatın Üzvlər Şurasının iclasının Macarıstanın paytaxtı Budapeştdə keçirilməsindən və gələcək layihələrdə birgə əməkdaşlıqdan məmnunluq duyduğunu qeyd edib. "Mən iclas üçün ölkəmizə gələn üzv təşkilatlarının nümayəndələrini görməkdən və təşkilatınızın fəaliyyət istiqamətləri, məqsədləri haqqından məlumat eşitməkdən məmnun oldum. Təşkilatınıza uğurlar arzulayıram və gələcək layihələrdə birgə əməkdaşlıq edəcəyimizə ümid edirəm".

Xatırladaq ki, Üzvlər Şurasının iclası 2013-cü ilin may ayında Budapeştdə keçirilib.

Qeyd edək ki, "Böyük İpək Yolu" BGT 2012-ci ildə tarixi "İpək Yolu" üzərində yerləşən 25 ölkənin gəncləri tərəfindən Bakıda təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə