İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində son 10 ildə Salyan rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib, əsas kapitala yönəlmiş investisiya 58,6 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 111,8 dəfə artıb. Müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi tikilmiş, Mərkəzi rayon Xəstəxanası yenidən qurulub, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni istehsal və emal müəssisələri açılıb, 28 kənddə sutəmizləyici qurğular quraşdırılıb, avtomobil yolları çəkilib, parklar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda deyilir ki, Salyan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Salyan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Bundan əlavə, Prezident İlham Əliyev Salyan rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam da imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Salyan rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat, o cümlədən 6 min nəfərdən artıq əhalinin yaşadığı "Babazanan" yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq Kür çayı üzərində körpünün tikintisinə 1,0 (bir) milyon manat, Salyan-Şirvan avtomobil yolunun yenidən qurulmasına 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə