Yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub FOTO

Yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub FOTO

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub. SİA-ya verilən məlumata görə, rayonda 5 ali, 18 orta və 20 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsümü ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-nin tərəfindən nəzarət daha ciddi olub.

6 saylı tam orta məktəbdə keçirilən Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb. Asif Əsgərov bildirib ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılııb, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunublar.

Qeyd olunub ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səbail rayonuna 8 orta, 1 Peşə məktəbinin, 2 uşaq bağçasının, 1 Uşaq yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Birliyinin əsaslı təmiri, 1 orta məktəb üçün yeni akt və idman zallarının tikintisi nəzərdə tutulub. 2011-və 2012-ci illər ərzində sərəncamda Səbail təhsili ilə bağlı bütün bəndlər icra olunub, əlavə olaraq ölkə başçısının 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq Badamdar qəsəbəsində 880 şagird yerlik 329 saylı orta məktəb və 120 yerlik uşaq bağçası tikilib, keçən ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

Həmçinin 49 saylı "İntellekt" lisey üçün 660 şagird yerlik əlavə tədris korpusu tikilib.

Cari ilin yay aylarında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planına əsasən 900 nəfər şagirdin təhsil aldığı 7 saylı pilot məktəbi və 1900 şagirdin təhsil aldığı 163 saylı orta məktəbin binaları, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunub. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunublar. Həmçinin Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi başa çatdırılıb.

20-ci yaşayış sahəsində yerləşən "Turac" uşaq bağçasında möhkəmləndirmə işləri aparılıb, hazırda əsaslı təmir davam etdirilir.

Cari ilin yay aylarında Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və hazırda son tamamlama işləri gedir. Bağça hər cür lazımi avadanlıq və ləvazimatlarla təchiz olunub, buraya yeni kommunikasiya və istilik xətləri çəkilib, həmçinin bağçanın yanında, Tofiq Məmmədov küçəsi 2 ünvanda yerləşən yaşayış binası və həyət də əsaslı təmir olunub.

Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Vurğulanıb ki, 2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirib, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 121 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" sərəncamına görə Bakı şəhəri, Səbail rayonu 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikinci dəfədir ki, qaliblər sırasında olublar. Artıq 6-cü ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-i qaliblər sırasında olub.

Bu il keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi olub. Müsabiqənin keçirildiyi 6 il ərzində Səbail rayon məktəblərində çalışan müəllimlərdən 52 nəfər "Ən yaxşı müəllim" adına layiq görülüb.

2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülüb. Keçən il 11 nəfər qızıl, 2011-ci ildə isə 6 nəfər qızıl və 1 məzun isə gümüş medal qazanıb.

Tədbirdə çıxış edən 6 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova, 686 bal toplayaraq tələbə adını qazanıb Günel Vəlişova və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə