Gələn il ölkəmizdə Birgə Cəmiyyətlər Forumu təşkil olunacaq

Gələn il ölkəmizdə Birgə Cəmiyyətlər Forumu təşkil olunacaq

Bu gün Bakıda keçirilən "Ali səviyyədə görüş" adlı beynəlxalq tədbirin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, konfrans çərçivəsində bir sıra məsələr müzakirə edilib.

N. İbrahimov gələn il Bakıda böyük beynəlxalq forumun keçiriləcəyini qeyd edib: "2014-cü il may ayında Bakı Birgə Cəmiyyətlər Forumu təşkil olunacaq və hazırkı tədbir də ona hazırlıq xarakteri daşıyır".

Daha sonra mətbuat konfransında çıxış edən Latviyanın sabiq prezidenti Vayra Vike-Freiberqa 2 gün ərzində Bakıda gərgin və maraqlı müzakirələr aparıldığını söyləyib: "Gələn il keçiriləcək forumun proqramını hazırlamışıq və proqram komitəsi yaratmışıq".

Niderlandın sabiq baş naziri, Madrid Klubunun prezidenti Vim Kok da bir neçə gün ərzində əhəmiyyətli görüşlər və xoş vaxt keçirdiklərini vurğulayıb. O bildirib ki, Madrid Klubu bundan sonra da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını genişləndirəcək.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin isə bəyan edib ki, Azərbaycan prezidentinin dəstəyi və təşəbbüsü olmasaydı, bu tədbirləri həyata keçirmək mümkün olmazdı: "Bu tədbirlər Azərbaycanın dünyada artan rolunu bir daha təsdiq edəcək və Nizami Gəncəvinin əsərlərinin daha geniş yayılmasına şərait yaradacaq".

Mətbuat konfransının sonunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu arasında əməkdaşlıq Memorandum imzalanıb.

Qeyd edək ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə Bakıda keçirilən "Ali səviyyədə görüş" adlı toplantı öz işini başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə