Türkiyə səfirliyinin mətbuat müşaviri "İki sahil"in qonağı oldu FOTOLAR

Türkiyə səfirliyinin mətbuat müşaviri "İki sahil"in qonağı oldu FOTOLAR

Azərbaycanın 22 illik müstəqillik tarixinə bələdçilik edən "İki sahil"in uğurlarından məmnunluğunu ifadə edən H.Qaradəniz bildirib ki, bu kimi görüşlərin KİV-lərlə əlaqələrin inkişafında böyük rolu vardır

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz "İki sahil" qəzeti redaksiyasının qonağı olub. Qonağı salamlayan qəzetin baş redaktoru Vüqar Rəhimzadə redaksiyada əməkdaşların yaradıcılıq imkanlarını genişləndirmələri üçün lazım olan şəraitin yaradıldığını qeyd edib.

Bildirib ki, demokratik dəyərlərə böyük hörmətlə yanaşan, bu prinsipləri dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirən dövlətimizin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğını "İki sahil" qəzetinin əməkdaşları da daim üzərilərində hiss edirlər. Mətbuat cəmiyyətin güzgüsü olaraq reallıqların obyektiv, heç bir qərəzə yol vermədən ictimaiyyətə çatırılmasında mühüm rola malikdir. Bir sözlə, mətbuat ölkə reallıqlarının bələdçisidir.

V.Rəhimzadə "İki sahil" qəzetinin dövlətin siyasətinin təbliğində göstərdiyi səylərdən bəhs edərək, bu fikri xüsusi qeyd edib ki, ölkələr arasında əlaqələrin inkişafında da mətbuat bir körpü rolunu oynayır. İki ölkə arasında münasibətlərin bu gününə və gələcəyinə jurnalist peşəkarlığı əsasında obyektiv yanaşma növbəti mərhələ üçün stimul rolunu oynayır. Azərbaycan və Türkiyə iki dost, qardaş ölkədir. Tarixi köklərə malik olan ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir.

Qonaq redaksiya ilə tanışlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycan dövlətinin azad mətbuatın inkişafına diqqət və qayğısını yüksək dəyərləndirib. Bu qayğı ilə əlaqədar qardaş ölkənin mətbu orqanlarında müntəzəm yazıların dərc olunduğunu diqqətə çatdırıb.

Görüşdə Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığından, möhkəm təmələ əsaslanmasından bəhs edən H.Qaradəniz bildirib ki, iki qardaş ölkənin adlarının birgə çəkilməsi hər birimizdə böyük qürur hissi yaradır. Təbii ki, bu hisslər ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", eyni zamanda Prezident İlham Əliyevin "bir millətin iki diasporu ola bilməz" kimi münasibətlərimizin bu gününə və gələcəyinə işıq salan tezislərindən qaynaqlanır.

H.Qaradəniz mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq münasibətlərin inkişafında və təbliğində KİV-lərin üzərinə böyük məsuliyyətin düşdüyünü də diqqətə çatdırıb. Ölkəmizdə olduğu qısa müddətdə inkişaf etmiş, dünya standartlarına cavab verən mətbuat aləmi ilə qarşılaşdığını qeyd edən qonaq "İki sahil" qəzetinin adını xüsusi vurğuladı: "Tam səmimiyyətlə deyə bilərəm ki, bu qəzet çox sevdiyimiz qəzetlərdəndir. Ölkələrimiz arasında dostluğun, qardaşlığın inkişafını təsdiqləyən biri-birindən əhəmiyyətli addımların, görülən işlərin təbliğində "İki sahil" qəzetinin özünəməxsus yeri var. Qəzetinizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

H.Qaradəniz belə görüşlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu bir iş görüşməsi yox, dostluq, qardaşlıq görüşüdür. Görüşlərimiz bundan sonra da davamlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə