Ombudsmanın təşəbbüsü ilə "Sülh aylığı" davam edir

Ombudsmanın təşəbbüsü ilə "Sülh aylığı" davam edir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə avqustun 21-dən start götürmüş "Sülh aylığı" davam edir. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Sülh aylığı" çərçivəsində silsilə tədbirlərin, əhali ilə yerlərdə görüşlərin təşkili, geniş maarifləndirmə işi aparılması ilə bağlı Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları respublikamızın bölgələrində tədbirlər keçirirlər.

Həmin aylıq çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) "Qloballaşan dünyada sülh siyasəti" mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin məsul nümayəndəsi Tale Şamçıyev tədbirdə çıxış edərək Ombudsmanın təşəbbüsü ilə hazırda respublikamızda "Sülh aylığı"nın davam etdiyini bildirib. O qeyd edib ki, BMT-nin Baş katibi dünyanın ayrı-ayrı nöqtələrində gedən müharibələrə son qoyulması üçün hər il dünya ictimaiyyətinə sülh mesajları ünvanlayır.

Tədbirdə çıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə "Azərbaycanın sülh siyasəti və insan hüquqlarının müdafiəsi" mövzusunda çıxış edib. O, Ombudsman Aparatının FHN ilə sıx əməkdaşlığı çərçivəsində bu tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar tərəfindən həmin aylıq çərçivəsində insan hüquqları və sülh mədəniyyətinin təbliği üzrə konfranslar, dəyirmi masalar, seminarlar, sərgilər və başqa tədbirlərin təşkil edildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, torpaqlarının 20 faizini itirən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmizdə sülh mövzusu xüsusi əhəmiyyət kəsb edir. Bu gün də Azərbaycanın haqq işini dünya ictimaiyyətinə, sülhsevər qüvvələrə çatdırmaq, nüfuzlu beynəlxalq təşkilatların diqqətini və səylərini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmək ən mühüm zərurət kimi qarşıda durur. Ölkə Prezidenti cənab İlham Əliyev münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə çalışır və dünya dövlətlərini, beynəlxalq təşkilatları bu həqiqətlərə hüquqi qiymət verməyə, sülhə gedən yolda birliyə və qarşılıqlı əməkdaşlığa dəvət edir.

Bildirilib ki, Azərbaycan Ombudsmanı da fəaliyyətində sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirir, müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da genişləndirir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən və uğurla icra olunan İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında (MFP) əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətini inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə müəyyən işlərin görüldüyü vurğulanıb.

Müzakirələrdən sonra Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin sülh mövzusuna həsr olunana əsərlərindən ibarət bədii blokun təqdimatı olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə