YAP Gəncə şəhər Təşkilatının Qərargahında Gəncə şəhər ümumtəhsil işcilərinin ənənəvi sentyabr konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda İcra Hakimiyyətinin məsul işçiləri, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, AMEA Gəncə Bölməsinin direktoru, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, akademik Fuad Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri Sübhi Kazımov, ali, orta ixtisas məktəblərinin rəhbərləri, müvafiq idarə, təşkilat rəhbərləri və qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanındakı əzəmətli heykəli önünə gül-çiçək dəstələri qoyublar.
Konfransı giriş sözü ilə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov açıb və konfransda 485 nəfər nümayəndənin iştirak etdiyini bildirib. Gəncə təhsilində qazanılan nailiyyətləri əks etdirən video-çarx nümayiş etdirildi. "2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr haqqında" məruzə ilə çıxış edən Təhsil İdarəsinin müdiri Zakir Hüseynov bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində qazanılan uğurlar, beynəlxalq aləmdə Azərbaycanımızın nüfuzunun gündən-günə artması, dünyada ən sürətlə inkişaf edən dövlət kimi tanınması, regionlarımızın öz simasını tanınmaz ölçüdə dəyişməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində əldə olunan nailiyyətlərin hər bir Azərbaycan vətəndaşının qəlbində qürur hissi yaradı: "Biz həyatın bütün sahələrində qazanılan nailiyyətlərə, misilsiz müvəffəqiyyətlərə görə yalnız Ulu öndər Heydər Əliyevə minnətdarıq. Bu gün müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş, sivil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amalı, özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan Ümummilli lider Heydər Əliyevin ideyaları yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilir. Məhz bu səbəbdən də ölkə Prezidentinin diqqəti, qayğısı və yaxından dəstəyi ilə 2003-2009-cu illərdə Azərbaycanın təhsil sistemində çox ciddi islahatlar həyata keçirilib. Bu müddətdə cənab Prezidentin sərəncamına əsasən təhsil sahəsində 17 iri miqyaslı Dövlət Proqramı təsdiq olunub və icra edilib, 4 Dövlət Proqramı isə icra edilməkdədir. Məhz bu Proqramlara uyğun olaraq, son 5 ildə ölkəmizdə 3 mindən çox məktəb binası tikilib istifadəyə verilib, 400-dən çox məktəb binası təmir olunub".
Ötən tədris ilində Gəncə şəhərinin 3, 8, 15, 16, 22, 30, 32 və 43 nömrəli tam orta məktəbləri yüksək zövqlə, əsaslı təmir edilib, şagirdlərin istifadəsinə verilib. Bu tədris ilində isə 4, 16, 25, 26, 31 və 39 nömrəli tam orta məktəblərin, Uşaq Yaradıcılıq Mərkəzinin, 3 nömrəli peşə məktəbinin və 1 nömrəli peşə liseyinin açılışı gözlənilir. Hazırda Təhsil İdarəsinin yeni binasının tikintisi, 12, 40 nömrəli tam orta məktəblərin, sanatoriya tipli internat məktəbin, 2 nömrəli Peşə Liseyinin və 1 nömrəli peşə məktəbinin əsaslı təmir işləri davam edir. 2 nömrəli Peşə məktəbinin də tikintisinə başlanılıb. 4 nömrəli tam orta məktəbdə 960 şagird yerlik, 16 nömrəli tam orta məktəbdə 525 şagird yerlik, 32 nömrəli tam orta məktəbdə 420 şagird yerlik və 39 nömrəli tam orta məktəbdə 1200 şagird yerlik korpuslar inşa edilir. Ümumilikdə, 27 təhsil müəssisəsində yeni tikinti və abadlıq işləri aparılır.
Bu gün şəhərimizdə aparılan tikinti, abadlıq və quruculuq işləri hər birimizin sevincinə səbəb olmuşdur, şəhərimiz böyük bir tikinti meydanını xatırladır, şəhərə girişdən çıxışa qədər, mərkəzdən kənaradək hər yerdə quruculuq, abadlıq işləri aparılır, kommunikasiya xətləri yerin altına keçirilir, yaşayış binalarının dam örtükləri təzələnir, divarları üzlənir, Heydər Əliyev Mərkəzinin tikintisinin başa çatdırılması, Nizami Mərkəzi və Muzeyinin, Məhsəti Gəncəvi Mərkəzinin tikintisinin yekunlaşmaq üzrə olması insanlarda xoş əhval-ruhiyyə yaradır.
Təhsilə göstərilən doğma münasibət sayəsində ötən dərs ili Gəncə təhsili üçün uğurlu olmuşdur. Belə ki, bu tədris ilində məktəblərin XI siniflərini bitirən 2563 nəfər şagirdin hamısı tam orta təhsil haqqında attestat alıblar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən, 2012-2013-cü tədris ilinin məzunlarından 1981 nəfər ali məktəblərə sənəd təqdim etmişdir. Onların 895 nəfəri respublikamızın ali məktəblərinə qəbul olunmuşdur. Ötən il isə bu rəqəm 846 nəfər olub.
68 nəfər Xarici ölkələrin Rusiya, Türkiyə, ABŞ, Gürcüstan və başqa ölkələrin ali məktəblərinə qəbul olublar.
Ümumilikdə, ali məktəblərə qəbul olanlar 963 nəfər, yəni 48,61 % təşkil edir. XI sinif təhsil bazasından yəni, 106 nəfər abituriyent orta ixtisas təhsil müəssisələrinə qəbul olmuşlar. 1981 nəfər abituriyentin 1069 nəfəri, ali və orta ixtisas məktəblərinə, 32 nəfər isə xüsusi təyinatlı Ali Hərbi Məktəblərə qəbul olunublar.
Ali məktəblərə qəbul üzrə ən yüksək göstərici 26 №-li məktəb-lisey 67,3 %, 4 №-li tam orta məktəb 67,2 %, 11 №-li tam orta məktəb 66,6 %, 24 №-li tam orta məktəb 61,3 %, 13 №-li tam orta məktəb 61,2 % olub.
Ali məktəblərə qəbul olanların 141 nəfəri 500-dən yuxarı bal toplamış, onlardan 40 nəfəri isə 600-dən yuxarı nəticələr göstəriblər. 17 nəfərin 650-dən yuxarı bal toplaması isə bizi daha çox sevindirir.
Bu il şəhər rəhbərliyinin bilavasitə təşəbbüsü ilə şagirdlərin vətənpərvərlik tərbiyəsinin səviyyəsinin yüksəldilməsi, onların hərbi məktəblərə meyl və maraqlarının artırılması istiqamətində məktəblərimizdə məqsədyönlü iş aparıldı.
250 nəfər şagird C.Naxçıvanski adına hərbi liseyə hazırlaşmaq üçün cəlb edilib və onlara 5 dəfə sınaq imtahanları keçirilib, həmin şagirdlərdən 85 nəfəri bütün mərhələlərdən keçmiş və 30 nəfəri Hərbi liseyə, 32 nəfəri isə Xüsusi təyinatlı ali hərbi məktəblərə qəbul olunublar.
Bu il ali məktəblərə qəbul olunanların 141 nəfəri 500-dən yuxarı bal toplamış, onlardan 40 nəfəri isə 600-dən yuxarı nəticələr göstəriblər.
Bu ilki fənn olimpiadasının I turunda Gəncə şəhər ümumtəhsil məktəblərinin 1296 nəfər şagirdi, II turda isə 175 nəfər şagird iştirak edib.
Bu şagirdlərdən 28 nəfər fənn Olimpiadasının Respublika turunda iştirak etmək hüququ qazanıb. Onlardan 4 №-li tam orta məktəbin XI sinif şagirdi Həsənova Dilbər riyaziyyat fənnindən IV yerə, 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cəfərov Fariz Azərbaycan dili və ədəbiyyatı fənnindən IV yerə layiq görülüblər.
Məktəblərimiz əvvəlki illərdən fərqli olaraq bu il respublika və beynəlxalq olimpiadalarda fəal iştirak ediblər. Şəhərimizin 39 №-li tam orta məktəbin IX sinif şagirdi Allahverdiyeva Tünzalə Qalib qızı "Ana dilini sevək, sevdirək" respublika müsabiqəsinin qalibi olmuş qızıl və bürünc medal qazanıb.
Bundan əlavə ŞTİ-nin ali təhsil ocaqları ilə sıx əməkdaşlığı sayəsində Xəzər Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə ayrı-ayrı fənlər üzrə olimpiadalar keçirilmiş, qaliblər universitetin rəhbərliyi tərəfindən mükafatlandırılıblar.
Ötən dərs ilində ölkə başçısının sərəncamına əsasən keçirilən "Ən yaxşı məktəb" müsabiqələrində şəhərimizin M.Mehdizadə adına 4 №-li tam orta məktəb qalib olub və 10000 manat məbləğində pul mükafatı alıb.
Eyni zamanda, 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Qurbanova Nərgiz Tarıyel qızı "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.
İdman sahəsində uğurlarımızdan biri də şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının gümüş mükafatçısı beynəlxalq qrossmeyster Vüqar Rəsulov Türkiyədə keçirilən "Keşan" beynəlxalq turnirinin qalibi olmuşdur. Beynəlxalq usta Səbinə İbrahimova 18-20 yaşlı qızlar arasında və Jalə Bəylərova 7 yaşadək məktəblilərin Azərbaycan birinciliyinin qalibləri olaraq, dünya birinciliyində ölkəmizi təmsil ediblər. 1 nömrəli Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, beynəlxalq əməkdar-məşqçi, idman ustası Albert Qəribov BƏƏ-nin Dubay şəhərində keçirilən əlbəyəxa döyüş növü üzrə I yerə, Yalta şəhərində keçirilən kikboksink üzrə klublar arasında dünya çempionatında II yerə, İran İslam Respublikasında əlbəyaxa döyüş növü üzrə I yerə, Afina şəhərində keçirilən dünya çempionatında kikboksink üzrə I yerə çıxıb.
1 nömrəli Uşaq Gənclər İdman Məktəbinin yetirmələri Etibar Zeynalov yeniyetmələrin Azərbaycan birinciliyində cüdo üzrə I yerə, Valeh Ramazanov Azərbaycan çempionatında boks üzrə I yerə, Elnur Məhərrəmov Azərbaycan çempionatında taekvando üzrə I yerə çıxıblar.
Uşaq Gənclər Fiziki Hazırlıq klubunun məşqçi müəllimi Ziya Namazov Əməkdar məşqçi-müəllim adına layiq görülüb. Asif Vəliyev Rostov-Don şəhərində keçirilən və Balı Hacıyev Portuqaliyada keçirilən Avropa çempionatında Poverliftiq üzrə I yerə, Nürəddin Gözəlov İstanbul şəhərində keçirilən dünya birinciliyində karate-do idman növü üzrə I yerə layiq görülüblər.
Təhsilin təşkili vəziyyətinin yüksəldilməsində, müəllimlərə lazımi elmi-metodiki köməklik göstərilməsində, yeni fənn kurikulumlarının tətbiqində Metodiki Mərkəzin xidmətləri böyükdür. Etiraf etmək lazımdır ki, son illərdə Metodiki Mərkəzin fəaliyyətində əsaslı canlanma başlanmış, mərkəz müəllimlərin ən çox müraciət etdikləri bir yerə çevrilmişdir. Xüsusilə, yeni fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə işləyən müəllimlər Metodiki Mərkəzin xidmətindən yararlana bilirlər. Son dövrlərdə burada müxtəlif mövzularda monitorinqlər keçirilir, açıq dərslər təşkil olunur, dayaq məntəqələrinin işi canlandırılır, müəllimlərin ixtisasartırmaları təşkil olunur.
Ötən tədris ilində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa müsabiqələri, müxtəlif nominasiyalar üzrə gənc ifaçıların müsabiqələri keçirilib. Bu müsabiqələr şagirdlərin ulu öndərə, Vətənə olan sevgi və məhəbbətinin bariz nümunəsini əks etdirmiş, onların intellekt səviyyəsinin və vətənpərvərliyinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edib.
Habelə, Azərbaycan poeziyasının tanınmış şairi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsində ümumtəhsil müəssisələrinin kollektivləri fəal iştirak ediblər.
Təhsildə sadalanan bu uğurlar ilk növbədə, ölkə başçısının təhsilə doğma münasibətindən, bu sahənin prioritet sahə hesab edilməsindən, gündəlik diqqət və qayğısından, buna uyğun olaraq, Təhsil Nazirliyinin öz fəaliyyətini yeni tələblər əsasında qura bilməsindən və şəhər rəhbərliyinin bizə dəstəyindən qaynaqlanır. İnanırıq ki, təhsilə bu cür münasibət yeni dərs ilində uğurlarımızı daha da artıraraq, müstəqil Azərbaycan Dövlətinə layiqli vətəndaşlar tərbiyə etmək üçün hər bir təhsil işçisinə yeni qol-qanad, yeni əhval-ruhiyyə bağışlayacaq. Bu yolda hamınıza uğurlar diləyir, yeni dərs ilinizi təbrik edirik.
Konfransın gedişatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ünvanına dəfələrlə minnətdarlıq duyğuları və alqışlar səslənib.
Tədbir iştirakçılarının yekdil rəyi ilə konfransın qətnaməsi qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçılarının müraciəti oxunub.
Sonda ən yüksək balla ali məktəblərə qəbul olunan abituriyentlər Gəncə şəhər Təhsil İdarəsinin rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB