Damla Bayık: “Türkiyədə turizmə “pəncərəsiz fabrik” deyirlər”

Damla Bayık: “Türkiyədə turizmə “pəncərəsiz fabrik” deyirlər”

"Excelsior" otelin satış və marketinq üzrə direktoru Damla Bayıkın Səs TV–yə müsahibəsi:

- Türkiyə və Azərbaycanda turizm sektorunu necə qiymətləndirirsiniz?

- Türkiyədə turizm sektorunun 30-40 illik tarixi var və illər keçdikcə Türkiyənin bütün bölgələrinə yayılmaqda davam edir. İstanbul şəhəri hazırda dünyanın ən diqqətçəkən yerlərindən biridir. Azərbaycanda isə turizm sektoru yeni bir sektordur. Təxminən son 2 ildir ki, burada turizmlə çox geniş şəkildə maraqlanırlar. Bu iki ildə isə çox böyük inkişaf əldə edilib. Dünyanın bir çox məşhur otel şirkətləri Azərbaycanda otellərini açıb.

- Turizm sektoru iqtisadi baxımdan nə dərəcədə faydalıdır?

- Turizm sektoru yetərincə faydalıdır. Türkiyədə turizmə "pəncərəsiz fabrik" deyirlər. Otellərdə inanılmaz dərəcədə işçi çatışmazlığı olduğu üçün turizm sektoru insanları işlə təmin edən bir sektordur.

- Azərbaycanda turizm sektoru inkişaf etməkdədir. Burada turizmin inkişafında daha çox türk mütəxəssislərinin köməyindən istifadə olunur. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanda açılan yeni otellərin hamısında hər cür departamentlə çalışan türklər var. Mən də onlardan biriyəm və təxminən 10 aydır ki, "Excelsior" otelində işləyirəm. Bizim əsas məqsədimiz uzun illər Türkiyədə bu işi öyrəndiyimiz üçün bütün bildiklərimizi burada işləyənlərə öyrətməkdir. Türklər tək Azərbaycanda deyil, eyni zamanda dünyanın bir çox ölkələrində turizm sektorunda çalışırlar.

- Turizm təhsili almadan bu sahədə çalışmaq mümkündürmü?

- Təbii ki, mümkündür. Turizm məktəbini oxumağın çox böyük üstünlükləri var. Ancaq turizm təhsili almadan da bu işi görmək olar. Əsas insanlarla yaxşı ünsiyyət qurmaqdır. Eyni zamanda bir və ya bir neçə xarici dil bilmək vacibdir.

- "Excelsior" oteli ilə Azərbaycanda fəaliyyət göstərən digər otellərin fərqi nədir?

- "Excelsior" oteli ilk beş ulduzlu otellərdən biridir. 2005 – ci ilin avqust ayından fəaliyyət göstərir. Otel Heydər Əliyev prospektində yerləşir. Eyni zamanda otelin həm hava limanına, həm də şəhər mərkəzinə yaxın olması qonaqların bu oteli seçməsinə səbəb olur. Eyni zamanda oteldə avro fitnes mərkəzi yerləşir. Bu da üstün faktorlardan biridir.

- "Excelsior" otelinin nəzdində "Green House" adlı restoran açılıb. Bu restoranın digər restoranlardan fərqi nədir?

- "Green House" restoranı bir həftə bundan əvvəl açılıb və burada qonaqlara canlı musiqi sədaları altında Türkiyədən gələn təzə balıqlarla bişirilimiş yeməklər təklif olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə