Əlil gənclər üçün Festival keçiriləcək

Əlil gənclər üçün Festival keçiriləcək

11-13 sentyabr 2013-cü il tarixlərdə Bakı şəhərində "Şərq Nağılı" Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək. Festival Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, festival Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, "Dan" Beynəlmiləlçi Gənclər, "Müşviq" Əlil Uşaqlara Yardım və "Müstəqil Həyat" Dəstək və İnkişaf Mərkəzi İctimai Birliklərinin təşkilati dəstəyi ilə keçiriləcək.

Festivalın məqsədləri: Əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyaları, mədəni dəyərləri və əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsi, əlilliyi olan gənclərin sosial inteqrasiyası və adaptasiyasının təşviqi, əlilliyi olan gənclərlə ünsiyyətin qurulması və təcrübə mübadiləsi üçün şəraitin yaradılması, regional, millətlərarası və beynəlxalq mədəni əlaqələrin gücləndirilməsidir.

"Şərq Nağılı" Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalında 11 ölkədən 200-dən çox gəncin iştirakı nəzərdə tutulur. İştirakçı dövlətlər müsabiqəyə mahnı, rəqs, teatr və instrumental musiqidən ibarət proqram təqdim ediblər.

Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərinin ustad dərsləri (master – klass) təşkil ediləcək. Xüsusi qeyd etmək lazımdır ki, festival ərəfəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF tərəfindən 20 nəfər qaçqın, məcburi köçkün və əlilliyi olan gənclər üçün xarici ekspert tərəfindən fotoqrafiya üzrə 5 günlük təlimlər başlanıb. Təlimlər nəticəsində iştirakçılar tərəfindən çəkilən və ekspert tərəfindən seçilən fotoşəkillər festivalın bağlanış mərasimində sərgidə nümayiş etdiriləcək.

"Şərq Nağılı" Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalının açılış mərasimi "Mariott- Abşeron" otelində, bağlanış mərasimi və qala – konsert isə Heydər Əliyev adına Sarayda təşkil ediləcək. Hər iki mərasimdə festival qalibləri və estrada ulduzlarının iştiraki ilə möhtəşəm konsert proqramı və iştirakçıların diplom və qiymətli hədiyyələrlə təltif edilməsi nəzərdə tutulub .

Bütün xəbərlər Facebook səhifəmizdə