Fazil Talıbov: "30-a yaxın dönər satılan obyekt cərimələnib"

Fazil Talıbov: "30-a yaxın dönər satılan obyekt cərimələnib"

"Yay mövsümündə aparılan monitorinqlər nəticəsində 30-a yaxın dönər satılan obyektdə nöqsanlar aşkarlanaraq cərimə sanksiyaları tətbiq edilib, bəzilərində isə satış dayandırılıb". Bu barədə SİA-ya açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib. O bildirib ki, dönər istehsalı ilə bağlı dövlət standartında qeyd olunan vacib məsələlərdən biri istehsal olunan dönər ətinin mənşəyinin məlum olması və dönərin bu standartlara uyğun şəkildə hazırlanmasıdır: "Mənşəyi bilinməyən və keyfiyyəti olmayan ətdən istehsal olunan dönərin istehlakçılara təklif olunması həm onların hüquqlarının pozulması, həm də sağlamlığa ciddi zərbə hesab edilir. Keçirilən monitorinqlərdə də bu iki standart nəzərə alınıb".

Komitə rəsmisi qeyd edib ki, yay fəslində dönər istehsal edən müəssisələr uyğunluq sertifikatı almaq istəsələr də onların əksəriyyəti buna nail ola bilməyib: "Dönər istehsal edən müəssisələrin uyğunluq sertifikatının olması da mütləqdir. Son 3 ay müddətində dövlət standartının tətbiqindən sonra çiy dönər istehsal edən müəssisələr komitənin akreditasiya etdiyi standartlaşdırma orqanlarına müraciət ediblər. Lakin onlardan yalnız 5-i çiy dönərin istehsalı ilə bağlı uyğunluq sertifikatı alıb. Həmin 5 müəssisənin istehsal etdiyi çiy dönər əti isə bu gün dönər satılan obyektlərə təklif olunur. Onu da qeyd edim ki, dönər satılan obyekt sertifikatsız dönər alırsa və ya özü ət alıb dönər hazırlayaraq onu istehlakçılara təqdim edirsə, bu, qeyri-qanunidir və standartın tələblərinin pozulmasıdır. Bu məsələnin həlli də komitə tərəfindən diqqət mərkəzindədir və mütəmadi olaraq monitorinqlər keçirilir"

Mövsümdən asılı olmayaraq monitorinqlərin davam etdiyini deyən Fazil Talıbov bildirib ki, sentyabr ayında bu sahəyə daha çox nəzarət olunacaq: "Yeni tədris ili yaxınlaşır. Dönər istehlakçıları arasında şagirdlər və tələbələr üstünlük təşkil edəcəklər. Yaxın bir ayda dönər istehsalında monitorinqlərin aparılması daha da intensivləşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə