Bu gün Elmin İnkişafı Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə İKT inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəkləməsi məqsədi ilə qrantların verilməsi üzrə II məqsədli İKT müsabiqənin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən sənədlərdən biridir.
Onun sözlərinə görə, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bütün sahələr kimi İKT-nin inkişafı istiqamətində görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının sərəncamı ilə 2013-cü ilin ölkədə "informasiya-kommunikasiya texnologiyaları ili" elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir: "Elmin İnkişafı Fondu ilə birgə müsabiqəsi keçirilməsində məqsəd Azərbaycanda elmi tədqiqatlara təkan vermək, bu işə daha geniş vüsət alması üçün maliyyə dəstəyinin göstərilməsidir. Bu müsabiqələr isə Azərbaycanda elmi potensialın güclənməsi, görülən işlərin daha da davamlı olması üçün geniş imkanlar yaradır".
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə vurğulayıb ki, müsabiqənin prioritetləri sırasına İKT və elmi tədqiqatların informasiya təminatı, innovativ inkişaf məsələləri, distant təhsil və İKT tədris resursları, Azərbaycanda elm sahəsində vəziyyətin qiymətləndirilməsi, internetdə söz azadlığı, insan hüquqları və başqa məsələlər daxildir.
O həmçinin qeyd edib ki, müsabiqə üzrə maliyyələşdirmənin həcmi 1 milyon 200 min manat nəzərdə tutulub: "Elmin İnkişafı Fondu müsabiqəyə 1 milyon manat maliyyə vəsaiti ayırıb. Müsabiqəyə maliyyə həcminə görə kiçik (10 000 manatadək) və orta (10 000-100 000 manat arasında) maliyyə həcmli layihələr qəbul olunacaq".
Qeyd edək ki, müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən İKT ilə əlaqəli şirkətlərdən olan alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edə bilər. Tətbiqi xarakterli layihələrə və müvəqqəti yaradıcı kollektivləri adıçəkilən müxtəlif qurumların nümayəndələrindən təşkil olunmuş layihələrə üstünlük veriləcək. Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqəyə təqdim olunan layihələrin birgə ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə təqdim olunmuş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcək. Müsabiqə sentyabr-oktyabr aylarını əhatə edəcək, nəticələrin açıqlanması isə noyabrın 1-da açıqlanması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB