DİN-də məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib

DİN-də məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib

Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. DİN-dən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və bu üsulun son illər artıq praktikada özünü doğrultduğunu vurğulayıb. O qeyd edib ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə Nazirliyə 121 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər. Nəticədə məzunlardan 72-si Bakı və Nəqliyyatda Baş Polis idarələrinin orqan və hissələrində, 49-u isə onların istəkləri nəzərə alınmaqla daimi yaşadıqları yerlər üzrə ərazi polis qurumlarında zabit vəzifələrinə təyinat alıblar.

Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə məzunları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb. Namizədlərə daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edən nazir əmin olduğunu bildirib ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, ölkəmizdə sabitliyin dönməzliyinə, cinayətkarlıqla qətiyyətli mübarizəyə öz töhfələrini verəcək, onlara göstərilmiş etimadı doğruldaraq dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəklər.

Qeyd edək ki, püşkatmada iştirak etmiş bütün iddiaçılar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyətinə vəzifələrinə təyin olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə