Qafqaz Müsəlmanları İdarəsində görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana gələn bir qrup araşdırmaçı alim və mütəxəssis Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olublar. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah qonaqları salamlayaraq onların səfərini əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Sədr müavini Azərbaycanda dini dözümlülüyün tarixi ənənələrə söykəndiyini diqqətə çatdırıb. Hacı Fuad Nurullah böyük və qədim İslam mədəniyyətinin Azərbaycan da daxil olmaqla bütün müsəlman aləminə verdiyi töhfələrdən danışıb, ölkəmizin bu dəyərlərə həmişə hörmətlə yanaşıldığını qeyd edib. Sədr müavini Qafqaz Müsəlmanları İdarəsinin tarixi və Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti barədə qonaqları məlumatlandırıb.

Qafqaz Müsəlmanları İdarəsi icra aparatının rəhbəri Simran Həsənov əsl tolerantlıq məkanı olan ölkəmizdə bütün dinlərin təmsilçilərinə hörmətlə yanaşıldığını diqqətə çatdırıb.

O, bildirib ki, dini icmaların qeydiyyatı və fəaliyyəti üçün Azərbaycanda hər cür şərait yaradılıb, bununla bağlı qanunvericilik bazası təmin olunub. Simran Həsənov ölkəmizdə din-dövlət münasibətlərini tənzimləyən qanunlar hazırlanarkən ən qabaqcıl dünya dövlətlərinin təcrübəsindən istifadə edildiyini vurğulayıb.

İcra aparatının rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr barədə də qonaqlara ətraflı məlumat verib. Görüşdə qonaqları maraqlandıran müxtəlif məsələlər ətrafında müzakirə aparılıb.

Qeyd edək ki, Şahzadə Diananın şəxsi katibi olmuş Patrik Ceferson (ABŞ), xristian ilahiyyatçısı Bencamin Mayer (Avstraliya), publisist Valeri Novoselski (İsrail), Böyük Britaniyadan olan bloqçular Conatan Vilson və Ömər Şahid Azərbaycanın təcrübəsini öyrənmək üçün ölkəmizdə bir sıra görüşlər keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə