“Biliklər və elm aləminə virtual səyahət”

“Biliklər və elm aləminə virtual səyahət”

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında "Biliklər və elm aləminə virtual səyahət" layihəsi həyata keçirilir. SİA-nın xəbərinə görə, layihə çərçivəsində maarifləndirici-animasiya filmləri 2 ədəd "Atmasfera 360" sferik kinoteatrlarında nümayiş etdirilir. Gün ərzində 5-6 seansla (giriş sərbəstdir) həmin regionların bütün yeniyetmə sakinlərinə filmləri seyr etmək imkanı yaradır. Filmlər Azərbaycan dilində nümayiş etdirilir.Bu kinoteatrlarda filmlər proyektorlar vasitəsi ilə 360 dərəcəli görüntülü kürə şəkilli tavana salınır. Beləliklə də, filmin görüntüləri tamaşaçıları hər tərəfdən əhatə edir.

Ən yeni texnologiyalar kino sənətində yeni ölçülərə yol açmışdır. Bu ölçülərdə filmin izləyiciləri okeanların dərinliklərinə, başqa planetlərə və bütün kainata səyahət edirlər.

"Atmasfera 360" sferik kinoteatrlarında iki film nümayiş etdirilir – "Kaluokahina. Tilsimlənmiş rif" və "Kainatın sahibləri". Hər iki film maarifləndirici və əyləncəli xüsusiyyətlər daşıyır.

"Kaluokahina. Tilsimlənmiş rif" filmini izləyərkən, tamaşaçı okean dərinliklərinə baş vurur. Oradakı heyrətamiz, qeyri-adi gözəlliyə malik olan canlıları görmək imkanı qazanır. Film Kaluokahina rifinin sakinləri olan balıq və başqa okean canlılarının öz riflərini insanlardan qorumasından bəhs edir. Film maarifləndirici xüsusiyyətlər və şən yumorla zəngindir.

"Kainatın sahibləri" filmi isə xüsusi effektlər, musiqi və inanılmaz kompüter qrafikası vasitəsi ilə seyrcini göylərə, açıq kosmosa aparır. Seyrcidə belə bir hiss yaranır ki, sanki o, zalda əyləşməyib, kanyonlara baş vurur və açıq kosmosda uçur. Filmin məzmunu Kainatın böyük partlayışdan əmələ gəlməsi və bu günə qədər inkişafından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə