“MQF Seçki Koalisiyası” Balakən rayonunda

Bu gün Balakən rayon Qabaqçöl bələdiyyəsində "MQF Seçki Koalisiyası" tərəfindən seçki maarifçiliyi, əhalinin seçki fəallığının artırılması, seçki hüququ ilə bağlı növbəti tədbir keçirilib.

Milli QHT Forumundan (MQF) SİA-ya verilən xəbərə görə, seçki müşahidəçilərinin, siyasi partiyaların, bələdiyyələrin, QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə koalisiyanın təmsilçiləri MQF-nin prezidenti Rauf Zeyni, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, Qızıl Aypara Cəmiyyətinin Balakən rayon bölməsinin rəhbəri, MQF-nin Balakən rayon koordinatoru Hudulova Nəsibə seçki münasibətləri, seçki hüququ, seçki qanunvericiliyi, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi və s. haqda məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Tədbirdə çıxış edən Rauf Zeyni son illər ərzində Balakən rayonunun sosial-iqtisadi inkişafını xüsusi vurğulayıb.

Tədbirdə həmçinin "MQF seçki koalisiyası"nın nümayəndələri son illər ərzində ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, regionda qüdrətli dövlətə çevrilməsi, "Gələcəyə baxış" 2020 inkişaf konsepsiyası çərçivəsində vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, regionlarda vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlərlə əlaqədar olaraq son illərdə əldə olunan nailiyyətlər barədə rayon ictimaiyyətinə məlumat veriblər.

Sonda "MQF Seçki Koalisiyası" seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə