Güc strukturlarının əməkdaşları Dövlət Bayrağı Meydanını ziyarət ediblər

Güc strukturlarının əməkdaşları Dövlət Bayrağı Meydanını ziyarət ediblər

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin əsgərləri Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasının üç illiyi münasibətilə sentyabrın 1-də meydanı ziyarət ediblər.

Əvvəlcə əməkdaşlara Azərbaycan Prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlara əsasən bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Qeyd edilib ki, meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib.

Məlumat verilib ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda inşa olunmuş bayraq dirəyinin 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılmışdır ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.

Vurğulanıb ki, bu meydan xarici dövlətlərin rəsmi nümayəndə heyətlərinin də ziyarət etdikləri bir məkandır. Bakı şəhərinin əsas simvollarından olan biri olan Dövlət Bayrağı Meydanı Azərbaycanın gücünü, qüdrətini təcəssüm etdirir və gələcək nəsillər üçün tarixi əhəmiyyətə malikdir.

Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi ilə tanışlıq Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarında, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin əsgərlərində yüksək əhval-ruhiyyə və xoş təəssürat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə